Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin Şirvan zonası üzrə “Biz birlikdə güclüyük!” şüarı altında onlayn toplantısı keçirilib

08 dekabr 2020 | 16:00

Ağdaş, Ağsu, Şamaxı, İsmayıllı, Qobustan, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarından 300 nəfərdən çox gəncin qatıldığı toplantı “Biz birlikdə güclüyük!” şüarı altında onlayın formatda baş tutub. Toplantıda Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatları Məzahir Əfəndiyev, Cavid Osmanov və Ramil Həsən, Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov iştirak ediblər. Zərdab rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev toplantını açaraq forum iştirakçılarını Vətən müharibəsində müzəffər Ordumuzun qələbəsi münasibəti ilə təbrik edib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Toplantı iştirakçılarından Turanə Şıxəliyeva, İsmayıl Faxtiyev, Rauf Abışov, Əli Mahmudov, Kəmalə Əliyeva və başqaları “Gənclərin vətənpərvərlik tərbiyəsində yeni mərhələ”, “Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin tarixi qələbəsi”, “Ölkəmizin regional güc mərkəzinə çevrilməsi”, “Böyük Qayıdış”da gənclərin vəzifələri”, “Düşmən tapdağından azad edilmiş ərazilərdə məskunlaşma, ərazilərin yenidən qurulması və inkişaf”, “Gənclərin sağlamlığı – xalqın sağlamlığıdır” mövzularında çıxışlar ediblər.

Tədbirdə Şirvan zonası üzrə Azərbaycan Gənclərinin IX Forumunun Respublika toplantısında iştirak edəcək 89 nəfər nümayəndə seçilib və Zona toplantısı adından qətnamə qəbul edilib.

Qeyd edək ki, toplantı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.1.-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə keçirilib.

Keçidlər