Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkilimiz Jalə Əliyeva Milli Məclisdə Zərdabla bağlı daha 2 məsələni gündəmə gətirdi

02 oktyabr 2021 | 16:00

Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyevanın MM-in 30 sentyabr 2021-ci il tarixli plenar iclasında qanunvericilik işləri planı ətrafında etdiyi çıxışın mətni:
"Payız sessiyasının başlanması münasibətilə hamınızı təbrik edirəm. Biz möhtəşəm günlər yaşayırıq. Böyük Qələbəyə, Zəfərə aparan 27 sentyabrın bizim hamımıza gətirdiyi qüruru, iftixarı, baş ucalığını yaşayırıq. Biz həm bu günlərdə, həm də yay tətili dövründə seçki bölgələrində olduq. Seçicilərimizlə görüşlər, qəbullar keçirtdik. Şəhid ailələrini, onların məzarlarını ziyatət etdik. Qazilərimizin problemləri ilə maraqlandıq. Bir daha Azərbaycan vətəndaşlarının öz dövləti ilə, ölkə rəhbəri cənab Prezident İlham Əliyevlə həmrəyliyinin şahidi olduq. Əlbəttə ki, bu həmrəyliyin arxasında güclü xalq, güclü ölkə, güclü dövlət birliyi dayanır.
Mən payız sessiyasının qanunvericilik işləri planı çərçivəsində əlaqədar komitələrimizin üzərində işləyə biləcəyi iki təklifimi qısaca olaraq səsləndirmək istəyirəm. Toxunmaq istədiyim birinci məsələ mətbu orqanları ilə bağlıdır. Konkret olaraq, mətbuatın bünövrəsini təşkil edən " Əkinçi" qəzetinin bu günkü acınacaqlı vəziyyətini diqqətlərə çatdırmaq istəyirəm. Bu qəzet böyük Həsən bəy Zərdabinin doğulub boya başa çatdığı rayonda - Zərdabda fəaliyyət göstərir. Müstəqilliyə qədər Əkinçi qəzeti həftədə 3 dəfə - 5500 nüsxə ilə buraxılıb. Özünün nəşriyyatı olub, bütün tələbatları dövlət büdcəsindən maliyələşib. Lakin müstəqillikdən sonra keçən dövr ərzində qəzetə  bir qəpik də olsa vəsait ayrılmayıb və heç bir avadanlıq verilməyib. İndi böyük çətinliklərlə ayda bir dəfə, cəmi 500 nüsxəylə yayınlana bilirlər. Qəzetin hazırda dörd nəfər əməkdaşı var. Bu əməkdaşların əmək haqları aylardır ödənilmir. Bu gedişlə "Əkinçi" qəzeti yaxın 3 ay ərzində fəaliyyətini dayandırmaq məcburiyətində qalacaqdır. Mətbuat bir salnamədir. Dünənimizin, bu günümüzün, sabahımızln salnaməsidir. Mən buradan bütün əlaqədar qurumlara səslənmək istəyirəm. Milli mətbuatımızın bünövrəsini, təməlini borclu olduğu "Əkinçi" qəzetini düşdüyü bu çətinlikdən qurtarmaq lazımdır! Yeri gəlmişkən, mən dünən Mətbuat Şurasının rəhbərliyi ilə danışdım. Məsələni müzakirə etdik. Mövcud problem ümumilikdə bütün reqion mediasına aiddir. Onların yerli reklam bazarı yoxdur. Abunəylə fəaliyyət göstərirlər. Bu iş də ürəkaçan səviyyədə deyil. Yerli, reqional mətbuat vasitələrinin saxlanılmasına dövlət səviyyəsində kömək göstərilməlidir. Mən yerli mətbuatın inkişafı ilə bağlı konsepsiya hazırlanmasını, bu məsələnin Parlamentdə müzakirə edilməsini, payız sessiyasının işlər planına daxil edilməsini təklif edirəm. "Əkinçi" qəzetinin taleyi ilə isə ən qısa zamanda, ciddi şəkildə maraqlanılıb, əməli addımlar atılmalıdır.
Toxunmaq istədiyim digər məsələ reqionların meliorasiya və içməli su problemləriylə əlaqədardır. Ötən il ölkə üzrə meliorasiya və su təsərrüfatı işləri ilə bağlı çox sayda deputat həmkarımızın səsləndirdikləri fikirlərdən sonra, bütün təkliflərin toplanaraq Milli Məclis tərəfindən toplu şəkildə əlaqədar qurumlara göndərilməsinə qərar verildi. Lakin görünən odur ki, bu sahəylə bağlı  qaldırdığımız məsələlər və irəli sürdüyümüz təkliflər elə kağız üzərində qalıb. Mən təklif edirəm ki, həmin qurumların rəhbərliyi ilə Milli Məclisdə dinləmələr keçirilsin. Biz problemləri bir başa və daha konkret olaraq gündəmə çıxartmaq imkanı əldə edək. Xüsusilə Aran rayonlarında vəziyyət dözülməzdir. Mən bir nümunə gətirəcəyəm. Ucar rayonunun deputatı olduğum Bərgüşad kəndində kollektor son dəfə 1976-cı ildə təmizlənib. Bu torpaqlar şoran torpaqlardır. Kollektorların uzun illər təmizlənməməsi ucbatından şoranlaşma faizi daha da artır və əkinə yararlı sahələr məhsuldarlığını itirir. Kəndli, əkdiyi torpaqdan məhsul götürə bilmir. Nəticədə bu vəziyyət onların həyat şəraitinə də öz mənfi təsirini göstərir. Rayonun Lək kəndi,  Zərdab rayonunun Məlikumudlu, Dəkkəoba, Gəndəbil, Məmmədqasımlı kəndləri də suduzluqdan əziyyət çəkirlər. Bilirəm ki, bu problem bir çox rayonlarımızda mövcuddur və həmin rayonlardan olan deputat həmkarlarım tərəfindən də mütəmadi olaraq gündəmə gətirilir. Ona görə də,  bu məsələnin diqqətdə saxlanılmasını və  yaxın zamanlarda əlaqədar qurumlarla Milli Məclisdə görüş təşkil edilməsini xahiş edirəm.
Mən Milli Məclisin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planını məqbul sayıram və layihəyə səs verəcəyəm. Bir daha payız sessiyasının başlanması münasibətilə həmkarlarımı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram."

Keçidlər