Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda Novruz bayramı kütləvi şənlik və müxtəlif mərasimlərlə qeyd olunub

17 mart 2017 | 16:00

17 mart 2017-ci il tarixdə Zərdabda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib.
Öncə Rayon İcra Hakimiyyətində kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlarla, o cümlədən aztəminatlı ailələrlə görüş keçirilib. Görüşdə sosial müdafiəyə ehtiyacı olan insanlara göstərilən dövlət qayğısından söz açılıb. 50-yə qədər ailəyə bayram sovqatları paylanılıb.
Daha sonra Heydər Əliyev parkında ümumrayon şənliyi təşkil olunub. Meydan boyu açılan bayram süfrələri, yerli müəssisələrdə istehsal olunan məhsulların sərgisi, milli adət-ənənələrimizin qədimliyindən soraq verən palaz, kilim, cəhrə, dördayaq, nehrə kimi əşyalarla tanışlıq şənlik iştirakçılarında xoş hisslər yaradıb. Bayram tonqalı alovlandırıldıqdan sonra Dədə Qorqudla Bahar qızı Oğuz igidlərinə, xatınlarına əmin-amanlıq, bol ruzi arzulayıblar.
Zərdab  ictimaiyyətinə bayram təbriklərini çatdıran Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev Novruz adətlərinin zənginliyindən, insanlara xoş hisslər aşılamasından söz açıb. Bildirib ki, tarix boyu heç bir qüvvə Novruz adətlərini xalqımızın əlindən almağa, qəlbindən silməyə müvəffəq olmayıb. Novruzun təntənəli milli bayram kimi qeyd edilməsi Azərbaycanın Dövlət Müstəqilliyinin xalqımıza verdiyi bəhrələrdən biridir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi sayəsində tarixi kökümüzə qayıdışın təzahürü, mədəniyyətimizin zəngin xəzinəsi olan Novruz bayramı son illər təqvimimizə Azərbaycan  Respublikasının rəsmi bayramlarından biri kimi həmişəlik düşüb.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız öz adət və ənənələrinə sadiq qalaraq mənəvi dəyərlərimizi daim uca tutur, onları qoruyub saxlayır və daha da inkişaf etdirir. Rayon rəhbəri vurğulayıb ki, artıq hər il Novruzun yeni nailiyyətlərlə qeyd edilməsi ənənəyə çevrilib. Respublikamızın hər yerində olduğu kimi builki Novruz bayramı  Zərdabda da böyük sevinclə, yüksək təntənə ilə qeyd olunur.
Son dövrdə ölkəmizdə bütün sahələrdə qazanılan uğurlar Zərdab rayonundan da yan keçməyib, rayonun sosial-iqtisadi inkişafı, aqrar sahənin inkişaf etdirilməsi, tikinti-abadlıq işlərinin genişləndirilməsi, insanların sosial problemlərinin həlli istiqamətində konkret tədbirlər görülüb.
Daha sonra rəqs qruplarının, musiqi kollektivlərinin nümunəvi çıxışları, keçəl və kosanın məzəli oyunları, idmançıların nömrələri, at yarışları maraqla qarşılanıb. Məktəblilər qədim oyunlarımızı nümayiş etdiriblər. Meydan boyu yuxa, kətə, aş, qutab, şəkərbura, paxlava bişirilib. Əli xonçalı qızlar şənlik iştirakçılarına Novruz sovqatları paylayıblar. 3000 ədəddən yuxarı səməni ilə bəzədilən parkda kənd təsərrüfatı məhsullarından ibarət bayram yarmarkası da təşkil olunub. Zərdabda Novruz şənlikləri el gəzintisi və bayram konserti ilə davam etdirilib.

Keçidlər