Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib

29 mart 2017 | 16:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.
Xidmətin 2017-ci il üçün fəaliyyət planına əsasən, martın 29-da Zərdab Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir təşkil olunub.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev işğalçılara qarşı mübarizədə Azərbaycanın bütün bölgələrindən olan mərd oğul və qızlarımız kimi, zərdablıların da göstərdikləri qəhrəmanlıqlardan danışıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov çıxışında ordu quruculuğu prosesində həyata keçirilmiş işlərdən danışaraq qeyd edib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri dünyanın ən qüdrətli ordularından biridir.
Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev 1918-ci ilin martında daşnak və bolşevik quldur dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımıdan danışıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli bildirib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş torpaqları azad etmək gücündədir. Ordumuz bu qüdrətini ötən ilin aprelində baş vermiş döyüşlərdə sübut edib.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Zərdab rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda proqramla çıxış ediblər.

ə

 

Keçidlər