Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda Zərifə xanım Əliyevanın doğum günü münasibətilə tədbir keçirildi

27 aprel 2017 | 16:00

Zərdab rayonunun səhiyyə işçilərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər, Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan mərkəzi xəstəxananın baş həkimi Ruslan Nemətov Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışıb, alimin bu sahədə apardığı elmi-tədqiqat işlərinin böyük səmərə verdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, bu sahədə qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifə açıb. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir.
Tədbirdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova, İcra hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ramo Hacıyev və digərləri bildiriblər ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq-alimin anadan olmasının 94-cü ildönümü nəinki rayonumuzda, ölkəmizdə, hətta onun hüdudlarından kənarda da silsilə tədbirlərlə qeyd edilir, sonsuz məhəbbətlə anılır. Tanınmış alim, böyük insan, görkəmli ictimai xadim, dəyərli pedaqoq, gözəl həyat yoldaşı və ana, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinin müasir gənclər üçün də bir örnək olduğu qeyd edilib, onun tibb sahəsindəki uğurları diqqətə çatdırılıb.

Keçidlər