Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA ÜMUMMİLLİ LİDERİN ÖLKƏMİZDƏ İLK DƏFƏ SİYASİ HAKİMİYYƏTƏ GƏLİŞİNİN 48-Cİ İLDÖNÜMÜ QEYD OLUNDU

14 iyul 2017 | 16:00

Zərdab rayon ictimaiyyəti Azərbaycanın qüdrətli və müstəqil bir dövlət kimi formalaşmasında, inkişaf etməsində, xalqımızın firavan yaşamasında müstəsna xidmətləri olan Ümummilli liderimiz Heydər Əliyevin xatirəsini ehtiramla yad etməklə abidəsi önünə tər güllər düzüblər. Görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 48-ci ildönümü ilə bağlı təşkil olunan toplantıda çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev bildirib ki, 1969-cu ilin avqust plenumunda ilk dəfə cəmiyyətdəki nöqsanlar, neqativ hallar, yol verilən geriliklər barədə açıq danışılıb. Mövcud vəziyyətdən çıxış yolları ilə bağlı hədəflər müəyyənləşdirilib. Çox keçmədən respublikanı dirçəltmək, qanunçuluğu bərpa etmək istiqamətində təsirli tədbirlər görülərək “Qəy ədalət zəfər çalsın” devizi irəli sürülüb. Təbii ki bütün bu işlərin müəllifi xalqımızın böyük oğlu Heydər Əliyev idi. Azərbaycana rəhbərliyinin birinci dövründə bu dahi şəxsiyyətin iqtisadi siyasətinin ana xəttini qeyri-neft sektorunun çoxşaxəli, sürətli və səmərəli inkişafı təşkil edib. Eyni zamanda həmin sahələrə aid müəssisələrin əsasən perspektivli, kiçik və orta şəhərlərdə yerləşdirilməsi olub. Ümummilli liderin fəaliyyəti nəticəsində 1969-1982-ci illərdə baş vermiş müsbət dəyişikliklərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi böyük əhəmiyyət kəsb edib. Ona görə də tam əminliklə deyə bilərik ki, müstəqil Azərbaycanın indiki uğurlarının təməli məhz o illərdə qoyulub. Heydər Əliyev hakimiyyətinin 1969-1982-ci illər dövrünün təhlili göstərir ki, həyata keçirilən tədbirlərin tam əksəriyyəti böyük uzaqgörənliklə bu günümüzə hesablanıb. Heydər Əliyevin böyüklüyü həm də onda idi ki, o, aqrar ölkə kimi tanınan Azərbaycanı sənayesi inkişaf etmiş respublikaya çevirməyi bacardı. Ümummilli lider SSRİ rəhbərliyində çalışarkən də ölkəmizin mənafeyini hər şeydən üstün tutub. Müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyət göstərdiyi 10 il ərzində bu böyük şəxsiyyət müstəqilliyimizin möhkəmləndirilməsi, müstəqil dövlət təsisatlarının yaradılması, Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsi və bütün sahələrdə mütərəqqi islahatların aparılması istiqamətində tarixi addımlar atıb. Bu gün tam fəxrlə deyə bilərik ki, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Onun siyasi kursunun cənab Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcı şəkildə davam etdirilməsi iqtisadi inkişaf tədbirlərini daha da sürətləndirir. Bu, Zərdabın inkişafında da özünü bariz şəkildə büruzə verir. Belə ki, son illər rayonda 350-dən yuxarı sosial-infrastruktur layihə həyata keçirilib. Rayon mərkəzi ilə yanaşı kənd yolları da abadlaşdırılıb. Yeni məktəb binaları və xəstəxana tikilib. Uzun fasilədən sonra Zərdab bu il 27 tondan çox barama tədarük edib ki, bu da respublika üzrə ən yüksək göstəricidir. Bu gün rayonda aqrar sahənin inkişafı, elektrik təsərrüfatının yenidən qurulması, sosial layihələrin icrası istiqamətində davamlı addımlar atılır ki, bu da əhali tərəfindən razılıqla qarşılanır. Toplantıda çıxış edən ictimaiyyət nümayəndələri Ulu Öndərin dahilik keyfiyyətlərindən, Vətən, xalq qarşısındakı misilsiz xidmətlərindən, milli dövlətçilik şüurunun formalaşması, mənəvi dəyərlərimizin, tarixi adət-ənənələrimizin qorunub saxlanması istiqamətində atdığı addımlardan minnətdarlıq hissi ilə söz açıblar. Onun zəngin dövlətçilik irsinin daha yaradıcı şəkildə gənc nəslə çatdırılmasının vacibliyindən danışıblar.

Keçidlər