Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda baramaçılığın inkişafı məsələlərinə dair müşavirə keçirilib

08 avqust 2017 | 16:00

04 avqust 2017-ci il tarixdə Qaxda keçirilmiş barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqində qarşıya qoyulmuş vəzifələrlə bağlı 08 avqust 2017-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətində müşavirə keçirilib.

Müşavirə iştirakçıları Qaxda keçirilmiş respublika müşavirəsinin video lentinə tamaşa ediblər.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev 2017-ci ildə baramaçılıq sahəsində rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Bildirib ki, son illərdə respublikamızda baramaçılığın inkişafına dair dövlət başçısı tərəfindən verilən tapşırıqlar, qəbul olunmuş qərarlar Zərdab rayonunda baramaçılığın dirçəlməsinə böyük təkan verib. Uzun fasilədən sonra 2016-cı ildə zərdablı baramaçılar bu işlə məşğul olmağa başlayıb və 5710 kiloqram barama tədarük ediblər. Qeyd edilib ki, 2016-cı ildə Zərdabda səfərdə olarkən cənab Prezidentin rayonda barama tədarükünün ən azı 3 dəfə artırılması ilə bağlı tapşırığı zərdablıların məsuliyyətini qat-qat artırıb və cari ildə baramaçılar daha yaxşı işləyərək 24 ton proqnoz tapşırığa qarşı 27 tondan çox barama tədarük ediblər. Bu göstərici 2016-cı ilə nisbətən təqribən 5 dəfə çox olmaqla respublikada əldə olunan ən yüksək göstəricidir. 700 nəfərə yaxın rayon sakini mövsümi işlə təmin olunub, baramaçıların ailə büdcəsinə 240 min manatdan çox vəsait daxil olub. Respublika Prezidentinin “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” Sərəncamı ilə yaş baramanın hər kiloqramına görə baramaçılara subsidiyanın verilməsi, xarici ölkələrdən gətirilən tut tinglərinin yerlərdə əkilməsi baramaçılığın inkişafına çox böyük stimul yaradıb. Təkcə 2016-cı ildə Zərdab rayonu ərazisində 260 mindən çox tut tingi əkilib ki, bu da yaxın illərdə daha yüksək səviyyədə barama istehsalı üçün yeni imkanlar yaradacaqdır. Hazırda rayonun kümçüləri 2018-ci ildə daha yüksək nəticələrə nail olmaq məqsədilə yem bazasının möhkəmləndirilməsi, ipək qurdu bəslənməsinə lazımi şəraitin yaradılması, tut bağlarına xidmətin yaxşılaşdırılması üçün əlavə tədbirlər görürlər. 2018-ci ildə rayonun baramaçıları 50 tona yaxın yaş barama tədarük etmək əzmindədirlər.
Müşavirədə çıxış edənlər ölkəmizdə kənd təsərrüfatının, xüsusən pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün və fındıqçılığın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər. Baramaçılar çıxışlarında Zərdab rayonunda ipək kombinatının yaradılmasını, qurd diriltmə məntəqələrinin açılmasını və yerli tut tinglərinin əkilməsi üçün baza yaradılmasını xahiş ediblər. 
Sonda 2017-ci ildə rayon üzrə ən yaxşı nəticə göstərən kümçülərə Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunub.

Keçidlər