Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun doğum günü münasibətilə tədbir keçirilib

29 avqust 2017 | 16:00

Zərdabda Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun doğum günü münasibətilə tədbir keçirilib. Bu münasibətlə cəbhəyanı bölgələrdə xidmət keçən bir qrup hərbçinin Zərdab şəhərinə səfəri təşkil olunub. Yeni nəslin hərbi vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsinə, ordu-cəmiyyət münasibətlərinin istiləşməsinə  hesablanmış tədbir çərçivəsində əsgərlərimiz Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun doğum gününə həsr olunmuş “Hərbi şöhrət gecəsi”ndə iştirak ediblər.
Səngərdən birbaşa Zərdab şəhərinə yollanan əsgərləri rayon ictimaiyyəti, fidan körpələr səmimi hisslərlə, çiçək dəstələri ilə qarşılayıblar. Azərbaycan ordusunda xidmət keçən hərbçilər Ümummilli liderimiz Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər. Ulu Öndərin adını daşıyan Mərkəzdəki eksponatlarla tanış olublar. Həsən bəy Zərdabinin heykəli önünə gül dəstələri düzən əsgər və zabitlər maarifpərvər xadimin ev muzeyini də maraqla ziyarət ediblər. Daha sonra qonaqlar Kür çayının sahilində Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun büstü önündə onun doğum günü ilə bağlı təşkil edilən “Hərbi şöhrət gecəsi”nə qatılıblar.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin daha da yüksəlməsi naminə silsilə  tədbirlər həyata keçirilir. Bu gün qəhrəmanların izi ilə aksiyası çərçivəsində  ön səngərdə, düşmənlə təmas xəttində, cəbhə bölgələrində xidmət edən bir qrup döyüşçü, əsgər və zabit Zərdab rayonuna gəlib. A.Qurbani Məlik Məhərrəmovun keçdiyi döyüş yolu barədə iştirakçılara ətraflı məlumat verib, hərbçilərimizə örnək olaraq göstərib.
Lələtəpə döyüşlərinin iştirakçıları çıxış edərək hər an Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını bildiriblər.
Zərdab Rayon İcra Hakimiyyəti başçısının  birinci müavini Rəhman Feyzullayev  belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək zərdablıların Birinci Dünya Müharibəsində, Qarabağ döyüşlərində göstərdiyi şücaətdən danışıb. Bildirib ki, rayon gənclərinin ali hərbi təhsil almağa maraqları ilbəil artır.
Digər çıxış edənlər isə Məlik Məhərrəmovun həyat yolunun indiki gənclərə örnək olduğunu vurğulayıblar.
Hərbi gecədə zərdablı körpələr vətənimizi, ordumuzu tərənnüm edən şeirlər söyləyiblər. Hərbçilərimiz  Abdulla Qurbaninin müəllifi olduğu “Lələtəpə” kitabını məktəblilərə təqdim ediblər.

Keçidlər