Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdablı şagird: Qəbələnin tarixi yerlərinə səfər etdiyim üçün çox sevinirəm

12 noyabr 2017 | 16:00

Qəbələ, 12 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

“Ölkəmizin hər bir guşəsini gəzmək və tanımaq istəyirəm. Bizim üçün təşkil edilən bu tur-aksiya çərçivəsində Qəbələnin qədim tarixi məkanları ilə tanış olduğuma görə çox sevinirəm”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə iştirakçısı, Zərdab rayon Yarməmmədbağı kənd orta məktəbinin IX sinif şagirdi Adilə Məmmədova deyib.

Zərdablı məktəblinin sözlərinə görə, bu tur-aksiyanın daha bir özəlliyi ondan ibarətdir ki, eyni vaxtda 11 şəhər və rayondan olan məktəblilər bir-biri ilə ünsiyyət qurmaq imkanı əldə edirlər.

“Bu aksiya mənim üçün yaxşı bir imkan oldu. Mən Qəbələyə ilk dəfədir səfər edirəm. Qəbələnin haqqında kitablardan oxuduğum qədim tarixi yerlərinə gedərək oraları əyani şəkildə görmək istəyirdim. Nəhayət, bu gün arzuma çatdım. Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğu, Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Qəbələ Arxeoloji Mərkəzi, Nic qəsəbəsindəki “Cotari” alban-udi kilsəsi məndə tariximiz barədə zəngin təəssürat yaratdı. Qəbələnin bu qədər heyrətamiz gözəlliyə, maraqlı adət-ənənəyə malik olduğunu bilmirdim. Buranın gözəl təbiəti və turizm obyektlərindən çox təsirləndim. Zərdaba qayıtdıqdan sonra burada gördüklərim barədə sinif yoldaşlarıma, qohumlarıma da məlumat verəcəyəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Keçidlər