Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda işgüzar mühit və təşəbbüskarlıqla yanaşı, tələbkarlıq da var

15 noyabr 2017 | 16:00

Uzun illərin ayrılığından sonra Zərdabda ürəkaçan mənzərələri, inkişaf və tərəqqini görəndə bir daha tam qənaətə gəldim ki, əgər sənə hansısa bir sahəyə rəhbərlik etmək kimi məsul bir vəzifə tapşırılırsa, xalq qarşısında, kollektiv arasında öz xidməti və insani borcunu heç vaxt unutmamalısan. Sözlə işin vəhdətini bir-birinə elə möhkəm tellərlə bağlamağı bacarmalısan ki, inam və etibar qazanasan, ən əsası da tapşırılan işin öhdəsindən gələ biləsən. Əməksevərlik və intizam, özünə və kollektivə qarşı məqsədyönlü tələbkarlıq, təmizlik, qayğıkeşlik sənin bir nömrəli meyarın olmalıdır.


Bax, Zərdabda yuxarıda qeyd etdiklərimizin reallığa çevrilməsi sayəsində sosial-iqtisadi inkişaf özünün sıçrayışlı dövrünə gəlib çatmışdır. Bu rayonun sosial-iqtisadi həyatına on beş, on altı il bundan əvvəl bələdəm. Yaxşı bilirdim ki, zərdablılar işgüzar, qayğıkeş və təşəbbüskardırlar. Burada hərə öz işinin peşəkarıdır. Əkinçi torpağın “dili”ni, heyvandar mal-qaranı, qoyun keçini lazımi səviyyədə bəsləməyi, inşaatçı nümunəvi tikinti aparmağı, müəllim şagirdlərə hərtərəfli bilik verməyi, həkim insanların sağlamlığının keşiyində ayıq-sayıq durmağı yaxşı bilir.

Bir sözlə, zərdablılar hər sahədə fəal olmağı, təşəbbüskarlıq göstərməyi yaxşı bacarırlar. Bütün bu keyfiyyətləri rayonun ümumi inkişafı, onun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına istiqamətləndirmək gücünə malik bir aparıcı qüvvə lazım idi. O da tapıldı. Zərdabı bu cür güclü, sanballı potensialı deyilən səmtə yönəltdi və sözügedən rayon yavaş-yavaş sovetlər birliyi vaxtındakı bir çox sahələrdəki qabaqcıllığını özünə qaytarmağa başladı. Ovaxtkı qaranlıq, tozlu- torpaqlı, arxitektura baxımından xoşa gəlməyən küçələrdən, demək olar, əsər əlamət qalmayıb. Əkmək, biçmək, tikmək, peşəni sevdirmək, gələcəyin fəal yaradıcılarını yetişdirmək indi daha çox, həm də daha yaradıcılıqla həyata keçirilir. Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevlə söhbətimizdən bu qənaətə gəldik ki, burada sosial-iqtisadi məsələlərin uğurla icra olunması, mövcud potensialdan səmərəli istifadə edilməsi ilə rayon bütün sahələrdə ahəngdar inkişaf edir, Zərdab respublikanın qabaqcıl rayonları ilə bir cərgədə addımlayır. Bu günün sürətli inkişafı və bu inkişafın ürəkaçan rəqəmlərdə ifadəsini tapan fərəhli nəticələri də buna əsas verir. Elə isə gəlin birlikdə elə 2017-ci ilin arxada qalan aylarının inkişafını əks etdirən bəzi konkret misallara nəzər salaq. Bu ilin oktyabr ayının birinə kimi rayon iqtisadiyyatının əsas sahələrində 64,5 milyon 589 min manatlıq ümumi məhsul istehsal olunmuşdur.
Kənd təsərrüfatına qayıdış bolluğa gedən yoldur.
Ölkəmizin hər yerində olduğu kimi, Zərdab rayonunda da bu realdır. Vaxtı ilə torpaqdan üz döndərib kənddən rayona, Bakıya və başqa-başqa xarici ölkələrə gedənlərin bu gün yenidən ona tərəf üz tutub qayıtması bu reallığı tam təsdiqləyir. Istehsal olunan ümumi daxili məhsulun 63,8 faizi təkcə kənd təsərrüfatının payına düşməsi də bunu diktə edir. Uzun illər unudulan ipəkçiliyə və pambıqçılığa münasibətin arxa plana çəkilməsi və artıq ikinci ildir ki, ölkədə qeyri-neft sektorunun inkişafına qayğının ön cərgəyə gətirilməsi, dövlətin, onun başçısı Prezident Ilham Əliyevin bu sahəyə daha önəmli yer verməsi aqrar bölmədə unudulan bütün məsələləri, o cümlədən ipəkçiliyi və pambıqçılığı da günün prioritet məsələsi etmişdir. Ipəkçiliyin inkişaf etdirilməsi üçün 480 qutu (9120 qram) inkubasiya olunmuş barama qurdu toxumu kümçülərə paylanılmış, 27,045 ton barama istehsal olunaraq “Şəki-Ipək” ASC-yə təhvil verilmişdir. Rayon üzrə proqnoz tapşırığa 112,7 faiz əməl edilmişdir. Bu respublikada ən yüksək göstəricidir. Barama qurdunun bəslənməsində 611 nəfər rayon sakini çalışmış, təhvil verilmiş baramaya görə kümçülər 250 min manata yaxın vəsait almışlar. Rayon icra hakimiyyətində kümçülərlə görüş keçirilmiş, ən çox barama təhvil vermiş kümçülərə qiymətli hədiyyələr verilmişdir. Barama qurdunun yem bazasının möhkəmləndirilməsi üçün rayon ərazisində 260 mindən çox tut tingləri əkilmiş və becərilməsi diqqət mərkəzində saxlanılmışdır. Rayonda taxılçılıqda da bu il ən yüksək məhsuldarlıq əldə olunmuşdur. Rayon üzrə 58 min tondan çox taxıl istehsal olunmuşdur ki, bu da keçən ilki göstəricidən 6 min ton çox olmaqla rayon tarixində ən yüksək göstəricidir və rayonda adambaşına 1017 kiloqram taxıl düşməsi deməkdir. Rayondakı 3 toxumçuluq fermer təsərrüfatının fəaliyyəti də yaxşı olmuşdur. 255 hektar sahədən 926,5 ton taxıl istehsal edilmişdir. 2018-ci ilin məhsulu üçün 305 hektar sahədə şum aparılmışdır. Yeni məhsuldar və rayonun torpaq-iqlim şəraitinə uyğun elit taxıl toxumu sortlarının alınması üçün Kənd Təsərrüfatı Nazirliyinə sifariş verilmişdir. Bostan və tərəvəzçilikdə olan göstəricilər də sevindiricidir. 3815 ton kartof, 2778 ton tərəvəz, 6239 ton bostan, 1494,2 ton qarğıdalı məhsulları yığılmış, 350 ton çuğundur istehsal olunmuşdur. Çəltikçiliyin inkişafı sahəsində aparılan işlərin nəticəsidir ki, hesabat dövründə rayonda 202 hektar sahədə çəltik əkilmişdir. Oktyabrın birinədək 690,7 ton çəltik istehsal olunmuşdur və hazırda sahələrdə çəltik biçini davam edir. Zərdablılar 1,5 hektar sahədə Abşeron zəfəranı yetişdirmişlər. “Ağ qızıl”ın əvvəlki şöhrətini özünə qaytarmaq startı Zərdabda da uğurla davam edir. Prezident Ilham Əliyevin Sabirabad və Saatlı rayonlarında pambıqçılığın inkişafı məsələlərinə dair keçirilən respublika müşavirələrində verdiyi tövsiyə və tapşırıqlara uyğun rayonda 2017-ci il üçün nəzərdə tutulmuş 3000 hektar əvəzinə 3232,3 hektar sahədə pambıq əkilmişdir. 3199,3 hektar pambıq əkini üçün “MKT IK” MMC-nin Ucar və Zərdab filialları ilə 466 torpaq mülkiyyətçisi arasında müqavilə bağlanılmış, tarlalarda bol məhsul yetişdirilmişdir. Hazırda məhsul yığımı davam edir. Bu günədək 3350 tondan çox pambıq yığılaraq emal müəssisələrinə təhvil verilmişdir. 2 min nəfərdən çox rayon sakini işlə təmin edilmişdir. Zərdabın heyvandarları da yaxşı işləyirlər. Bu ilin yayında rayonda iribuynuzlu mal-qaranın baş sayı 54 min 628 başa, qoyun-keçilərin sayı 113 min 361 başa çatmışdır ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə çoxdur. Heyvandarlar həmin dövrdə 33 min 49 sentner ət, 166 min 243 sentner süd, 6 milyon 117 min ədəd yumurta, 1786 sentner yun istehsal edərək proqnoz tapşırıqlara artıqlaması ilə əməl etmişlər. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda 5 süni mayalama texniki tərəfindən 1766 baş inək və düyələrdə süni mayalanma aparılmış, 625 baş sağlam bala alınmışdır. Mal-qaranın qaba yemə olan tələbatını ödəmək məqsədilə 1021 hektar sahədə təzə yonca əkilərək ümumi yonca sahəsi 18612 hektara çatdırılmışdır. Yonca sahələrində 118,6 min ton ot tədarük edilmişdir. Əhalinin quş ətinə və yumurtaya olan tələbatını təmin etmək məqsədilə “Turac-2008” MMC tərəfindən hesabat dövründə 10 min baş cücə inkubasiya edilərək əhaliyə satışı təmin olunmuşdur.


Bol su bol məhsulun əsasıdır
Suvarma işini daha da yaxşılaşdırmaq və məhsul istehsalçılarının suvarma suyuna olan tələbatını ödəmək üçün 38 ədəd nasos, 5 ədəd elektrik mühərriki əsaslı təmir olunmuş, 400,2 kilometr uzunluğunda suvarma kanalı lildən təmizlənmişdir. Bələdiyyələrin daxili imkanları hesabına 125,7 kilometr təsərrüfatdaxili kanal lildən təmizlənmiş, 10,7 kilometr şirə kanalı qazılmışdır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident Ilham Əliyevin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi, əkinəyararlı yeni torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun Zərdab rayonunun ərazisində 10 min hektar ərazinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması layihəsinin “Azərsu” ASC tərəfindən icrası başa çatdırılmışdır. Bu münasibətlə rayonda su xəttinin açılışı olmuşdur. Kür çayının sahilində məhsuldarlığı saniyədə 3 kubmetr olan suötürücü qurğu, nasos stansiyası və 15 kilometr uzunluğunda kəmər inşa edilmişdir. Rayonun Bəyimli qəsəbəsi ərazisində əkinə yararlı 3378 hektar torpaq sahəsinin, o cümlədən 3300 hektar dövlət fonduna məxsus, 60 hektar pay, 18 hektar bələdiyyə torpağının suvarma suyu ilə təmin edilməsi məqsədilə rayon icra hakimiyyəti tərəfindən təkliflər hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim olunmuşdur. Respublika Prezidentinin 2016-cı ilin 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsi”nə uyğun olaraq aqropark yaradılmaqla pambıq, taxıl sahələrinin genişləndirilməsi və bitkiçiliyin inkişafı ilə əlaqədar təqdim edilmiş yerquruluşu planına əsasən Zərdab rayonunun inzibati ərazisində yerləşən qış otlaq sahələrində 3 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə Respublika Nazirlər Kabinetinin 2 iyun 2017-ci il tarixli 985 nömrəli sərəncamı ilə kateqoriyası dəyişdirilərək dövlət ehtiyat fondu və kənd təsərrüfatı təyinatlı kateqoriyasına keçirilmişdir. Hazırda həmin ərazidə aqroparkın yaradılması və müxtəlif kənd təsərrüfatı bitkilərinin əkilməsi üçün “Aqrobaz” MMC tərəfindən hazırlıq işləri aparılır. Rayon ərazisində Regional Meşəsalma Müəssisəsi tərəfindən 25 hektar sahədə meyvə və tut bağı, 15 hektar sahədə nar bağı salınmışdır. Həmin bağlarda lazımi qaydada suvarılma aparılması təmin edilmiş və normal bitiş alınmışdır. Magistral yol kənarlarında, pay torpaqlarında və digər ərazilərdə iməcilik yolu ilə 35 minə yaxın şam, küknar, iydə, türk qovağı və digər ağaclar əkilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və ərzaq təhlükəsizliyi proqramının icrasını sürətləndirmək məqsədilə torpaq mülkiyyətçilərinə dövlət dəstəyi gücləndirilmiş, məhsul istehsalçılarına 1 milyon 617 min 788 manat məbləğində subsidiya verilmişdir. Kür-Araz çaylarında Bəndlərin Istismarı Idarəsi tərəfindən rayonun Xanməmmədli, Qoşaoba, Əlvənd, Otmanoba, Yarməmmədbağı, Alıcanlı, Bıçaqçı və Sarıqaya kəndləri ərazisində meliorasiya işlərinin genişləndirilməsinə, bəndlərin təmirinə, sahilbərkitmə işlərinə də diqqət ön planda saxlanılır. Bu ilin ötən dövründə maşın və mexanizmlərin köməyi ilə 13,3 kilometr məsafədə 280,5 min kubmetr həcmində bəndin təmiri və qayakəsmə, 321 kubmetr həcmində sahilbərkitmə işləri görülmüşdür. Rayon icra hakimiyyətinin müraciətinə əsasən Kür çayının Bıçaqçı kəndi ərazisindən keçən hissəsində qayaların sürətlə qırılmasının qarşısının alınması məqsədi ilə Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən bəndbərkitmə işlərinə başlanmışdır. Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının Istismarı Idarəsi tərəfindən ilin ötən dövründə rayonun ərazisində 60 kilometr məsafədə 158,3 min kubmetr kollektor-dren şəbəkəsi lildən təmizlənmiş, 7 ədəd hidrotexniki qurğu cari təmir edilmişdir.
Tənha və kimsəsizlərin ümid və inam ünvanı
Sosial müdafiəyə ehtiyacı olanlar, kimsəsiz və tənha yaşayanlar özləri üçün ümid, inam və etibar ünvanı saydıqları rayon icra hakimiyyətindən heç vaxt ümidsiz, inamsız qayıtmırlar. Onları dinləmək, tələb və ehtiyaclarına qayğı ilə yanaşmaq, lazım gələndə gözləri yolda qalmasın, ürəklərinə bir qayğı, diqqət, təskinlik gətirilsin deyə, tənha və kimsəsizlərin yaşadıqları ünvana baş çəkmək artıq rayon icra hakimiyyətinin, digər müvafiq qurumların fəaliyyətinin ana xəttinə çevrilib. Təkcə bu ilin ötən dövründə şəhid ailələrinə Qarabağ və Çernobıl əlillərinə Böyük Vətən Müharibəsi veteranlarına, valideyn himayəsindən məhrum olmuş uşaqlara 12 min manatdan çox maliyyə yardımı, 8 ailəyə tikinti materialları ilə köməklik göstərilməsi, 2-ci qrup Qarabağ əlilləri olan Hüseynxanlı kənd sakini Zəfər Abbasova, Məlikumudlu kənd sakini Mübariz Qədimova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında fərdi evin tikintisinin aparılması, 2-ci qrup Qarabağ əlili Aşağı Seyidlər kənd sakini Rafiq Qəribovun yaşadığı mənzilin əsaslı təmir edilməsi, “Dövlət bayrağı ordeni” və “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunan şəhid Zeyqəm Aslanovun təbii fəlakət nəticəsində yararsız hala düşən məzar daşının yenisi ilə əvəz olunması, “Asan məktub” layihəsi əsasında 20 imkansız uşağa hədiyyələr verilməsi kimi faktlar da bunları təsdiq edir. Qabaqcıllar sırasında inamla addımlayan Zərdabda əhaliyə göstərilən müxtəlif kommunal xidmətlərin daha da yaxşılaşdırılmasına da xüsusi önəm verilir. Uğurlar yetərincədir. Onların ancaq çox az hissəsindən söhbət açdıq. Zərdabın bugünkü sosial-iqtisadi mənzərəsinə onun, on il bundan öndəki vəziyyəti ilə müqayisədə və bugünkü işgüzarlığın, təşəbbüskarlığın, qayğıkeşliyin, eyni zamanda, məqsədyönlü tələbkarlığın təhlilinə varanda rayonun zirvələrə gedən yolda inamla irəlilədiyinə tam əmin olursan. Bütün bunlar isə rayonda yaradılan və ürəkləri oxşayan sağlam mənəvi iqlim, ürəkaçan sosial-mədəni həyatın dəyərli bəhrələridir.

Rasim Amanov
“Respublika”

Keçidlər