Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda iqtisadiyyatın aparıcı sahəsi olan aqrar sektorun inkişafı diqqət mərkəzindədir

19 aprel 2018 | 16:00

Kənd təsərrüfatı Zərdab rayonunda iqtisadiyyatın aparıcı sahəsidir. Cari ilin ilk üç ayında bölgədə 19 milyon 836 min manat həcmində məhsul istehsal olunub ki, bunun da 8 milyon 803,9 min manatı və ya 44,4 faizi aqrar sektorun payına düşür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məlumatlar Zərdabda cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında səsləndirilib.

Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevin hesabat məruzəsində, eləcə də çıxışlarda ərzaq təhlükəsizliyində mühüm olan taxılçılığın inkişafı sahəsində həyata keçirilən tədbirlər geniş təhlil edilib. Vurğulanıb ki, cari ilin məhsulu üçün ötən payızda əkilən 18 min 697 hektar taxıl sahəsində bütün zəruri aqrotexniki tədbirlər görülüb.

Aqrar sektorda aparılan islahatlar həm də ixracyönümlü məhsul olan pambıqçılığın inkişafına güclü təkan verir. Bu il nəzərdə tutulan 3232 hektarda pambıq əkini məqsədilə “MKT İK” MMC və “Zərdab-Pambıq” ATSC ilə 699 nəfər torpaq mülkiyyətçisi arasında müqavilə bağlanıb. Kifayət qədər çiyid tədarük olunub, səpin üçün 23 aqreqat hazır vəziyyətə gətirilib.

Hesabat dövründə rayonda 201 hektar sahədə kartof, 144,5 hektarda tərəvəz, 100,5 hektarda qarğıdalı, 35 hektarda şəkər çuğunduru əkilib.

Heyvandarlıq məhsulları istehsalında da nəticələr uğurludur. Ət, süd və yumurta istehsalı sahəsində proqnoz tapşırıqlara artıqlaması ilə əməl olunub. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə birinci rübdə 732 baş inək və düyədə süni mayalama aparılıb, 355 baş sağlam bala alınıb.

Qeyd olunub ki, respublikamızda qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlərə uyğun olaraq Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə maliyyələşdirdiyi layihə çərçivəsində rayonun Gəlmə kəndində yem emalı müəssisəsi tikilərək istifadəyə verilib.

Hesabat yığıncağında tikinti-quruculuq, abadlıq işləri, elektrik enerjisi sistemindəki yenidənqurma, təbii qazla normal təminat, su təchizatı və digər sosial sahələrlə bağlı həyata keçirilən tədbirlər barədə də ətraflı danışılıb, qarşıda duran vəzifələr geniş müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Keçidlər