Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda kümçülərə ipəkqurdu paylanılıb

28 aprel 2018 | 16:00

Zərdab rayonunda  2016-cı ildə 5710 kq, 2017-ci ildə 27 ton 55 kq barama tədarük olunub  ki, bu da əvvəlki ilin göstəricisindən 4,7 dəfə çoxdur. Bu sahədə rayon üzrə proqnoz tapşırığa 112,7 faiz əməl edilməklə respublikada ən yüksək göstəriciyə nail olunub. Ötən il barama qurdunun bəslənməsində 611 nəfər rayon sakini çalışıb, təhvil verilmiş baramaya görə isə kümçülər 243 min manat vəsait alıblar. Barama istehsalçıları ilə Rayon İcra Hakimiyyətində görüşün keçirilməsi, ən yüksək nəticə əldə etmiş kümçülərə hədiyyələrin təqdim olunması, barama tədarükü sahəsində yüksək nəticə əldə etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 dekabr 2017-ci il tarixli sərəncamı ilə rayonun Məlikli kənd sakini İsrayıl Abbasovun  2-ci dərəcəli “Əmək” ordeni ilə mükafatlandırılması diqqətçəkən məqamlardandır.
2017-ci il avqustun 4-də Qax rayonunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlət başçısı tərəfindən verilən tapşırıqlardan ruhlanan zərdablılar bu il 1300 qutu - 24700 qram barama qurdu qəbul edərək 52 ton barama tədarük etmək uğrunda mübarizə aparırlar. Bu məqsədlə 2 min nəfərdən çox rayon sakini mövsümi işlərlə təmin olunub. “Şəki İpək”ASC-dən gətirilən ipək qurdunun fermerlərə paylanması münasibətilə kümçülərlə İcra Hakimiyyətində növbəti görüş keçirilib. İcra hakimiyyətinin başçısı cənab Lütvəli Babayev mövcud potensialdan daha səmərəli istifadənin zəruriliyindən, kənd təsərrüfatının inkişafına göstərilən davamlı dövlət dəstəyindən danışıb.
Zərdabda baramaçılıq sahəsində qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək üçün ipək qurdunun yem bazasının möhkəmləndirilməsi məqsədilə rayon ərazisində 145 min tut tingi əkilib. Barama qəbulu məntəqəsinin tikintisi üçün müvafiq yer ayrılıb və digər hazırlıq işləri görülüb.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

 

Keçidlər