Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

26 fevral 2019 | 16:00

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Zərdab Rayon İcra Hakimiyyətində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilib. Fevralın 25-də rayonun körpələr evi-uşaq bağçalarının uşaqları, məktəblilər Şəhidlərin xatirə parkını ziyarət edərək abidə kompleksi önünə gül dəstələri düzüblər.
Fevralın 26-da isə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirilib. Rayon rəhbərliyi, əmək kollektivləri və ictimaiyyət nümayəndələri Şəhidlərin xatirə parkını ziyarət edib, abidə kompleksinin önünə gül-çiçək dəstələri qoyublar. Xocalı soyqırımına həsr olunan rəsmlərdən və divar qəzetlərindən ibarət sərgiyə baxış keçirilib. Anım mərasimində Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev zaman-zaman ermənilərin xalqımıza qarşı törətdikləri qətliam və faciələr barədə ətraflı məlumat verib. Bildirib ki, 27 il əvvəl erməni hərbi birləşmələri öz havadarlarının köməyi ilə Xocalı torpağında bəşəriyyətin ən qanlı cinayətini törədiblər. Təəssüf ki, bu hərbi müdaxilə hələ də beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymətini almayıb. Müsbət haldır ki, dövlətimiz, xüsusilə Heydər Əliyev Fondu müstəqillik illərində xalqımızın başına gətirilən müsibətlərin obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılması üçün məqsədyönlü işlər görür. “Xocalıya ədalət!” kompaniyasının uğurla aparılması, beynəlxalq təşkilatların həqiqətləri etiraf etməsi erməni vəhşiliyinin ifşasında atılan mühüm addımlardır.
Sonra Xocalı faciəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Rayonun məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dini mərasimlər keçirilib.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər