Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRBAYCANDA İLK DƏFƏ ZƏRDAB RAYONUNDA İPƏKQURDUNUN YAY YEMLƏMƏSİ UĞURLA BAŞA ÇATIR

20 iyul 2019 | 16:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı sayəsində ölkəmizin bütün bölgələri kimi Zərdab rayonunda da xeyli iş görülmüşdür. Son 10 ildə rayon üzrə istehsal olunmuş məhsul və xidmətlərin cəmi 3,2 dəfə artmışdır. Taxıl, pambıq, çəltik, şəkər çuğunduru və digər kənd təsərrüfatı məhsulları istehsalı sahəsində yüksək nəticələr əldə edilmişdir.
Respublika Prezidentinin 2017-ci ilin 27 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda həyata keçirilən tədbirlər nəticəsində baramaçılıq sahəsində yüksək nəticələr əldə edilmişdir. 2016-cı ildə 5710 kq barama tədarük olunduğu halda 2019-cu ildə bu göstərici 65 ton 321 kq-a çatmış, 4 minə yaxın əhali mövsümü işlə təmin edilmişdir. Barama tədarükü sahəsində son üç ildə Zərdab rayonu respublika üzrə ən yüksək göstəricilərə nail olmuşdur.
Rayon ərazisində mövcud yem bazasını və kümçülərin bu sahəyə olan marağını nəzərə alaraq Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə Çin Xalq Respublikasından həmin ölkənin mütəxəssislərinin nəzarəti ilə 300 qutu barama qurdu gətirilərək Qax Damazlıq Stansiyasında inkubasiya olunmuş, 26.06.2019-cu il tarixdə rayona gətirilmişdir.
Çin Xalq Respublikasından gəlmiş mütəxəssislər Li Qilyanqın, Su Tinqunun, Kənd Təsərrüfatı nazirliyinin şöbə müdiri İmran Cümşüdovun, İqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin, Aqrar elmlər üzrə fəlsəfə doktoru Qafar Məmmədovun iştirakı ilə rayon icra hakimiyyətində “Yay mövsümündə barama qurdunun yemləməsinin xüsusiyyətləri” mövzusunda kümçülərlə görüş keçirilmiş, tədbirin sonunda 300 qutu barama qurdu pulsuz olaraq onlara paylanılmış, bu işlərə min nəfərdən çox rayon sakini cəlb edilmişdir.
Azərbaycanda ilk dəfə olaraq yay mövsümündə barama qurdunun saxlanılması Zərdab rayonunda həyata keçirilmiş, hətta 32-35 dərəcə temperaturda belə yay yemləməsi uğurla başa çatmaq üzrədir. Bəzi kümçülərin barama qurdunun yay yemləməsi 18-22-ci gün başa çatmış, ipəkqurdunun 70 faizi barama sarımağa başlamışdır. İsaqbağı kəndində Şahvələd Bayramovun götürdüyü 19 qram barama qurdunun yay yemləməsi 18-ci gün, Əlvənd kəndində Mənsur İbrahimovun götürdüyü 57 qram  barama qurdunun yay yemləməsi isə 22-ci gün başa çatmış və barama sarımağa başlamışdır. Hər iki kümçü 22 iyul 2019-cu il tarixdə barama yığımına başlamışdır. Rayon ərazisində belə kümçülərin sayı onlarladır.
Mütəxəssislərin ilkin proqnozlarına görə ikinci mərhələdə rayon üzrə paylanılmış barama qurdundan 10 tondan çox məhsul istehsalı gözlənilir.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır

Keçidlər