Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunun Çallı kənd sakini Məmmədov Mehman Məhəmməd oğlunun Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə haqqında "Kanal13" youtube kanalında səsləndirdiyi fikirlərə cavab

09 iyun 2020 | 16:00

Zərdab rayonunun Çallı kənd sakini Məmmədov Mehman Məhəmməd oğlunun Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə haqqında "Kanal13" youtube kanalında səsləndirdiyi fikirlərə cavab olaraq bildiririk ki, 30.01.2020-ci il və 06.05.2020-ci il tarixlərdə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aparatın məsul işçilərinin iştirakı ilə Mehman Məmmədov qəbul edilmiş və dinlənilmişdir. Mehman Məmmədov şəhərin abadlaşdırılma işlərində ona məxsus olan müəssisəsinin tenderdən keçmədən iştirakının təmin olunmasını xahiş etmişdir. Bildiririk ki, M.Məmmədov əvvəlki illərdə heç bir tender komissiyasında iştirak etmədən şantaj yolu seçərək qeyri-qanuni olaraq şəhər ərazisində abadlıq işlərində iştirak etmiş, görülən abadlıq işlərinin 50% məbləğini nağdlaşdıraraq mənimsəmiş, yerdə qalan 50%-i isə demək olar çox keyfiyyətsiz halda yerinə yetirilmişdir. Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilin əvvəlində 2020-ci ildə yolların təmiri və şəhərin abadlaşdırılması işlərinin satın alınması məqsədilə  Azərbaycan qəzetinin 28 noyabr 2020-ci il tarixli  17(8333) saylı nömrəsində və rəsmi internet səhifəsində elektron açıq tender elanı vermişdir. Elandan sonra tenderədək olan müddətdə tələb olunan sayda iddiaçıların elektron müraciətləri daxil olmuş və onlar tenderdə iştirak etmək üçün sənədlərini internet səhifəsinə təqdim edərək iştirakçı olmuşlar.
Hər iki lot üzrə prosedur qaydalara riayət olunmuş və sonda yekun qiymətləndirməyə əsasən təqdim etdiyi ən aşağı qiymət təklifi, maddi texniki bazası, kadr potensialı imkanları, bütün sahələr üzrə lisenziyası və əlavə dəyər vergisi ödəyicisi olan “İnşaat Serviz-2” MMC qalib müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilmiş elektron açıq tenderə dair İcra Nümayəndəliyinin yekun protokolu qeydiyyata alınmışdır. 2020-ci ildə yolların təmiri və şəhərin abadlaşdırılması işlərinin satın alınması məqsədilə  keçirilmiş tenderdə iştirak etmək üçün Zərdab rayonu Çallı kənd sakini Məmmədov Mehman Məhəmməd oğlu tərəfindən və ya onun rəhbərlik etdiyi hər hansı MMC tərəfindən heç bir müraciət daxil olmamışdır. Yuxarıda qeyd olunanlar barədə Mehman Məmmədova ətraflı izahat verilmişdir.
Mehman Məmmədovun rəhbərlik etdiyi müəssisə indiyədək müvafiq razılığı (lisenziyanı) almamışdır. O, Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab rayon Çallı kənd diyarşünaslıq evində metodist işləyir.
Mehman Məmmədov Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilərkən ona “P-Agro” MMC-nin Zərdab filialında iqtisadçı, rayonun inzibati ərazi dairələrindən birində icra nümayəndəsi və ya icra nümayəndəsinin müavini vəzifələri təklif edilsə də, o, bu təkliflərdən imtina etmişdir. Mehman Məmmədov rayona rəhbərlik etmiş əvvəlki başçıların fəaliyyəti dövründə də bu cür müraciətlər edərək şantaj yolu ilə vəsait tələb etməklə məşğul olmuşdur.
Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri cənab Süleyman İsmayılovun “Xalq” və “Azərbaycan” qəzetlərinin 2019-cu ilin 7 və 8 fevral tarixli nömrələrində “Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” mövzusunda dərc olunmuş məqaləsində qeyd edilmişdir ki, “təkrar müraciətlərin xeyli hissəsi subyektiv səbəblərdən yaranır. Bəzi vətəndaşlar haqsız olsalar da, hər il çoxsaylı müraciətlər göndərməklə öz əsassız iddialarının həyata keçirilməsində israr edir, hüquqlarından sui-istifadə etməyə çalışırlar. Yazdıqları müraciətlərlə bağlı onlara dəfələrlə əsaslandırılmış cavab verilsə də, yazmaqda davam edir və hər dəfə yeni mövzular tapırlar. Zərdabdan Mehman Məmmədov ilboyu müxtəlif mövzularda çoxsaylı müraciətlər göndərmişlər”.
Əlavə olaraq bildiririk ki, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin rayon ərazisində heç bir qohumu yoxdur və heç bir qohumunu hər hansı bir vəzifəyə təyin etməmişdir.
Dediklərimizə sübut olaraq 2016-cı ilin aprel ayında Mehman Məmmədovun rəhbərlik etdiyi şirkət tərəfindən guya görülmüş təmir-abadlıq işlərini əks etdirən akt əlavə edilir. Aktda qeyd olunan məbləğə uyğun heç bir iş görülməmiş və vəsait M.Məmmədov tərəfindən  nağdlaşdırılaraq mənimsənilmişdir. Bu akt Mehman Məmmədovun görmədiyi işlərdən yalnız birini əks etdirir. Belə aktların sayı çoxdur və lazımi orqanlara təqdim etməyə hazırıq.

Zərdab Rayon İcra Hakimiyyəti

Mətbuat Xidməti

Keçidlər