Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət

Hesabat dövründə bir sıra ictimai-siyasi, mədəni kütləvi tədbirlər  keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci ilin  “Şuşa İli” elan olunması ilə bağlı Gənclər Mərkəzində, Heydər Əliyev Mərkəzində, mədəniyyət müəssisələrində və təhsil ocaqlarında müxtəlif tədbirlər keçirilmiş, baxış müsabiqələri, sərgilər təşkil olunmuşdur.

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilmiş, tədbirin sonunda şəhid analarına və bir qrup fəal qadınlara hədiyyələr təqdim edilmişdir.

Mədəniyyət mərkəzində Novruz bayramı münasibətilə rayon ictimaiyyətinin iştirakı ilə ümumrayon tədbiri keçirilmiş, konsert proqramı nümayiş olunmuşdur.

20 yanvar, Xocalı faciəsinin ildönümləri və 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar ümumrayon toplantıları keçirilmiş, faciə qurbanlarının xatirəsi yad edilmiş və həmin tədbirlərdə müxtəlif rəsm, əl işləri, divar qəzetləri və s. sərgilər təşkil edilmişdir. “Xocalı faciəsinin 30-cu ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən rayonda keçirilmiş tədbirlərlə yanaşı Mədəniyyət  mərkəzində Mingəçevir Dövlət Dram Teatrının təqdimatında “Ürəyində arzu tut” adlı tamaşa nümayiş olunmuşdur.

Mübarək Ramazan ayı ilə əlaqədar Rayon İcra Hakimiyyəti tərəfindən “Kür” şadlıq evində iftar süfrəsi təşkil olunmuşdur. İftar süfrəsində şəhid ailələri, qazilər, aztəminatlı ailələr, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Heydər Əliyev parkında rayon ictimaiyyətinin iştirakı ilə təntənəli mərasim keçirilmişdir. Tədbirdə divar qəzetlərindən, rəsm və əl işlərindən ibarət sərgiyə baxış olmuş, təşkil olunmuş “Kitab bayramı”nda müstəqil dövlətimizin banisi Heydər Əliyevə həsr edilmiş kitablar, klassik və müasir ədəbiyyat nümunələri, müasir Azərbaycanın uğurlarından bəhs edən jurnallar, “Şuşa ili”nə, Zəfər bayramına həsr edilmiş bölmələr nümayiş olunmuşdur. Tədbir idmançıların çıxışları və konsert proqramı ilə davam  etdirilmişdir.

Qurban bayramı münasibətilə Rayon İcra Hakimiyyəti Başçısının maliyyə dəstəyi ilə xeyriyyə tədbiri keçirilmiş, rayon ərazisində olan 250-dən çox Şəhid ailəsinə, Qarabağ müharibəsi əlilinə və digər imkansız ailələrə qurban əti paylanılmışdır.

Azərbaycan Milli Mətbuatının yaranmasının 147-ci ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilmiş, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri  və KIV-nin əməkdaşları dahi şəxsiyyət H.B.Zərdabinin abidəsi önünə gül dəstələri düzüb ruhunu ehtiramla yad etmiş, Həsən Bəy Zərdabinin ev muzeyini  ziyarət etmişlər.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, rayonun Kəndəbil kənd sakini kiçik gizir Fərid Nofəl oğlu Rüstəmov düşmən təxribatının qarşısını alarkən şəhid olmuş, 14 sentyabr 2022-ci il tarixdə onun dəfn mərasimi təşkil edilmişdir.

Düşmənin sərhəddə törətdiyi təxribat nəticəsində yaralanmış “N” saylı hərbi hissənin giziri, Şıxbağı kənd sakini Zeynal Cəbrayılovla, əsgər, Əlvənd kənd sakini Əhməd İbrahimovla, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, Məlikumudlu kənd sakini Səxavət İsmayılla rayon icra hakimiyyətinin və digər təşkilatların nümayəndələrinin görüşü təşkil olunmuş, onları narahat edən məsələlərin həlli ilə bağlı ailələrinə müvafiq köməkliklər göstərilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə hər il sentyabrın 27-nin Azərbaycan Respublikasının ərazisində “Anım günü” kimi qeyd edilməsi barədə qərarına uyğun olaraq silsilə tədbirlər keçirilmiş, vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilərək ruhlarına dualar oxunmuş, önünə gül-çiçək dəstələri qoyulmuş, ailələri ilə görüşülmüş, ərzaq sovqatları verilmişdir. Heydər Əliyev parkında şəhidlərin xatirəsinə ağacəkmə kampaniyası təşkil edilmiş, 250 ədəd müxtəlif növ ağaclar əkilmişdir.

“Zəfər Günü”nə həsr edilmiş silsilə tədbirlər çərçivəsində “Yaddaş saatı” adlı aksiya, “Keçən günlər müqəddəs bir xatirədir” adı altında şəhidlərin mülki həyatda olan fotolarından ibarət sərgilər təşkil edilmiş, albomlar hazırlanmış, Heydər Əliyev parkında məktəblilərin və gənclərin rəsm, əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir. 8 noyabr 2022-ci il tarixdə  isə rayon rəhbərliyi, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları, millət vəkili Jalə Əliyeva, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri tərəfindən Zərdab şəhərindəki Şəhidlərin xatirə parkında abidə, Gəlmə kənd qəbiristanlığında dəfn edilmiş şəhidlərin məzarları və Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuşdur.

“9 Noyabr – Dövlət Bayrağı Günü” ilə əlaqədar gənclər, Vətən müharibəsinin iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, idarə və müəssisələrin əmək kollektivlərinin üzvləri Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, daha sonra Heydər Əliyev parkından Şəhidlərin xatirə parkınadək bayraq yürüşü təşkil olunmuşdur.

12 dekabr tarixində Ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə keçirilmiş mərasimdən əvvəl rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzində əl işlərindən və divar qəzetlərindən ibarət sərgi ilə tanış olmuşlar. Daha sonra mərkəzdə “Dahi şəxsiyyət” filmi nümayiş olunmuşdur.

Keçidlər