Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası istiqamətində rayonda müəyyən işlər görülmüşdür.
Gəncləri narahat edən məsələləri öyrənmək və müvafiq tədbirlər görmək üçün rayon rəhbərliyinin gənclərlə görüşləri təşkil edilmiş, görüşün nəticələrinə uyğun olaraq qaldırılan məsələlərin həlli istiqamətində xeyli iş görülmüş, bəzilərinin isə icrası nəzarətə götürülmüşdür.
Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunması, gənclərin vətənpərvərlik və xüsusən hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, istedadlı gənclərin aşkara çıxarılması və onların fəaliyyətinin stimullaşdırılması, gənclərin rayonun ictimai həyatında fəal iştirakının təmin edilməsi istiqamətində işlər davam etdirilmişdir.
Rayon gənclərinin böyük bir qrupunun Milli Qəhrəman Mübariz İbrahimovun məzarını və Qubadakı kütləvi məzarlığı ziyarət etmələri təşkil edilmişdir.
Hərbi xidmətdən tərxis olunan gənclərlə rayon gənclərinin görüşünün keçirilməsi, tədbirdə ordu sıralarından tərxis olunan gənclərə təntənəli surətdə hərbi biletlərin və hədiyyələrin verilməsi gənclərin vətənpərvərlik əhval-ruhiyyəsinin yüksəlməsinə böyük təsiri olmuşdur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda hərbi vətənpərvərlik tədbiri keçirilmiş, tədbirdə şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranları, çağırışçı gənclər iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin və Dövlət Xidmətinin rəhbərliyi, Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin və Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədrləri tədbirdə iştirak və çıxış etmiş, rəsmi hissədən sonra Şəmistan Əlizamanlının iştirakı ilə konsert proqramı olmuşdur.
Hesabat dövründə Respublika Müdafiə Nazirliyinin və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə respublikanın müxtəlif hərbi hissələrinin əsgər və zabitləri rayonun görməli yerləri ilə tanış olmuş, onların iştirakı ilə Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun abidəsi önündə “Hərbi şöhrət gecəsi” keçirilmişdir. Tədbirdə Respublika Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani iştirak etmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda regional seminar-müşavirə keçirilmişdir. Seminar-müşavirəyə 9 rayonun prokurorları, Daxili İşlər və Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizlik Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli strukturlarının rəhbərləri dəvət edilmişlər.
Müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Respublika Baş Prokurorluğunun idarə rəisinin müavini Rauf Məmmədov, Respublika Daxili İşlər Nazirliyinin şöbə rəisi Hamlet Hümbətəliyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Adıgözəl Bəşirov iştirak və çıxış etmişlər. Tədbirin əvvəlində müşavirə iştirakçıları “Fitnə” filminə tamaşa etmişlər.
2017-ci ilin dekabrında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və "Region Gənclərinin İnkişafına Töhfə" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakı şəhərində 36 ali məktəb komandasının iştirakı ilə rayonumuzda yaradılmış “Poliqon” Strateji İntellekt Oyununun ilk “Universiada”sının finalı keçirilmişdir.
Hesabat ilində idmanın inkişafı istiqamətində tədbirlər davam etdirilmişdir. Mərkəzi Stadion, ərazilərdəki idman meydançaları təmir edilmiş, idmanın futbol, voleybol, şahmat, yüngül atletika, stolüstü tennis, karate, taekvondo növləri üzrə rayon birincilikləri keçirilmiş, rayon, respublika və beynəlxalq idman turnirlərində qalib gəlmiş komandaların və ayrı-ayrı idmançıların mükafatlandırılması təşkil edilmişdir.
Ötən il rayon idmançıları respublika və beynəlxalq səviyyəli çempionatlarda 8 qızıl, 8 gümüş və 9 bürünc medal qazanmışlar.
Hazırda rayonda 76 idman qurğusu, o cümlədən 42 sadə idman qurğusu, 28 idman zalı, 4 atıcılıq tiri, 1 şahmat məktəbi və 1 Mərkəzi Stadion əhaliyə xidmət göstərir.