02 iyul Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib
02 iyul 2025 | 12:35
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Rayon Polis şöbəsinin rəisi, polkovnik-leytenant Ramil Salayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları, veteran polislər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub və xatirəsini böyük ehtiramla yad ediblər. Rayon Polis Şöbəsində davam edən tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə polis əməkdaşlarını təbrik edərək onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb. İcra başçısı qeyd edib ki, yarandığı gündən şərəfli bir yol keçən Azərbaycan polisi bütün tarixi dövrlərdə Vətənə və xalqa ləyaqətlə xidmət edib, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşıb, mətinləşib, dövlətin əsas dayaqlarından birinə çevrilib. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əvəzsiz diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirdiyi qeyd olunub. Daha sonra çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polkovnik-leytenant Ramil Salayev daxili işlər orqanlarının yaranma tarixindən və keçdiyi inkişaf yolundan bəhs edib, Ulu Öndər Heydər Əliyev və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən daxili işlər orqanlarına və əməkdaşlarına göstərilən diqqət və qayğıdan söhbət açıb. Sonda xidmətdə fərqləndiklərinə görə bir qrup polis əməkdaşına Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri təqdim olunub. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən və Rayon Polis Şöbəsinin rəhbəri tərəfindən bir qrup polis əməkdaşları işlərində fərqlənməyə görə təltif olunublar.






