Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidləri

Cəbrayıllı İbrahim Raqub oğlu

İbrahim Raqub oğlu Cəbrayıllı 1999-cu il fevralın 3-də Zərdab rayonunun Məlikumudlu kəndində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan İbrahim Cəbrayıllı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. İbrahim Cəbrayıllı sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İbrahim Cəbrayıllı ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edildi.

 

Hüseynov Rəhim Qədir oğlu

Rəhim Qədir oğlu Hüseynov 1984-cü il iyulun 1-də Zərdab rayonunda anadan olub. 1998-2001-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2001-2005-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. 2005-2006-cı illərdə Silahlı qüvvələrin təlim və tədris mərkəzində oxuyub. O, ingilis, rus, erməni dillərini mükəmməl bilirdi. Şəhid mayor Rəhim Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin tərkibində NATO-ya bəyan edilmiş və dəfələrlə götürdüyü öhdəliyi müvəffəqiyyətlə yerinə yetirmiş Əməliyyat İmkanları Konsepsiyası (OCC Bn) taborunun komandiri idi. Rəhim Hüseynov 2020-ci ildə NATO-nun Əfqanıstan İslam Respublikasında Qətiyyətli Dəstək - qeyri-döyüş missiyasında Azərbaycan sülhməramlı kontingentinin və eyni zamanda Həmid Karzai Beynəlxalq Hava Limanının (HKIA) Qüvvə Qorunması taborunun komandiri vəzifəsində NATO Meritorious Service Medalı (NATO-nun xidmətə görə mükafat medalı) ilə təltif olunan ilk və tək azərbaycanlı zabitdir. Şəhid mayor Rəhim Hüseynov xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində dünyanın müxtəlif ölkələrində Azərbacan Silahlı Qüvvələrini layiqli şəkildə təmsil edib, Azərbaycan bayrağını şərəflə daşıyıb. Azərbaycan Ordusunun mayoru olan Rəhim Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Rəhim Hüseynov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub.  Şəhid mayorumuz II Fəxri Xiyabanda dəfn edilib. Sağlığında misilsiz xidmətlərinə görə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı, «Qüsursuz xidmətə görə» medalı (III dərəcə), «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı, «Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalına layiq görülən Rəhim Hüseynov Prezident İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra  "Qarabağ" ordeni ilə, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə",  "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Vəlizadə Faiq Bayraməli oğlu

Faiq Vəlizadə 1997-ci il fevralın 1-də Zərdab rayonunun Alıcanlı kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Faiq Vəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Faiq Vəlizadə oktyabrın 17-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Faiq Vəlizadə ölümündən sonra "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

 

Muradov Turan Vaqif oğlu

44 günlük Vətən Müharibəsinin şəhidliyə ucalan qəhrəman igidlərimizdən biri də Turan Muradovdur. Turan 5 dekabr 1994-cü ildə Zərdab rayonu Körpükənd kəndində anadan olub. Müharibə zamanı manqa komandiri kimi hərbi xidmətini yerinə yetirib. Talış-Suqovuşan kəndi istiqamətində döyüş yolu keçib. 14.10.2020-ci ildə Talış-Suqovuşan kəndi istiqamətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı hərbi əməliyyatda düşmən tərəfindən açılan odlu silahla törənmiş zədələnmə nəticəsində şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəsur döyüşcü", (ölümündən sonra), "Suqovuşanın azad olunmasına görə" (ölümündən sonra) və "Vətən uğrunda" medalları ilə təltif edilib.

 

Abbasov Ağaqardaş İlham oğlu

Baş leytenant Abbasov Ağaqardaş İlham oğlu 1992-ci il sentyabrın 28-də Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetini Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə bitirib. Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə ali təhsil alsa da, hərbiyə olan marağı onun bu sahəyə üz tutmasına səbəb olub. O, istər məktəb, istərsə də tələbəlik illərində nümunəvi davranışı, yüksək etikası ilə hər kəsə örnək göstərilib. Vətən müharibəsinin başlandığı ilk gündən ön cəbhədə xidmətə yollanan baş leytenant Ağaqardaş Abbasov ağır döyüşdə iştirak edib və qəhrəmanlıq göstərib. Füzuli istiqamətində gedən ağır döyüşlər zamanı ayağından qəlpə yarası alan baş leytenant döyüş meydanından geri çəkilməyib. Özü yaralı olduğu halda, digər yaralı əsgər və zabitləri döyüş meydanından çıxarmaq üçün çalışıb. O, sentyabrın 27-də snayper gülləsinə tuş gələrək, şəhid olub.

 

Ağayev İlkin Tehran oğlu

İlkin Tehran oğlu Ağayev 1986-cı il iyunun 2-də Zərdab rayonunun Körpükənd kəndində anadan olub. Vətən Müharibəsində Azərbaycan Ordusunun giziri kimi döyüşüb. Noyabrın 8-də şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə İlkin Ağayev ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Məmmədzadə Anar Nazim oğlu

Anar Nazim oğlu Məmmədzadə 1999-cu il avqustun 3-də anadan olub. O, 2005-2016-cı illərdə Zərdab şəhər 1 saylı məktəb liseydə təhsil alıb. Məktəbi bitirdiyi ildə Azərbaycan Dövlət Texniki Universitetinə qəbul olunub. 2019-cu ildə təhsilini müvəqqəti dayandıraraq 2020-ci ilin yanvarında həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb və Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə şücaətlə iştirak edib. Həmlə Taborunda Baş Əsgər kimi hərbi xidmət keçən A.Məmmədzadə Tabor Komandirindən sonra 500 metrlik məsafədə 1-ci atıcı olub. Döyüşlərdə iştirak edərkən komandirin "Bu, müharibədir, bəlkə də burdan qayıtmayacağıq" - sözünə, Anar cavabında "bilirəm, mən Vətən üçün gedirəm" - demişdi. Oktyabrın 4-də ailəsi ilə telefonla danışarkən qardaşına "4-5 erməni itini öldürmüşəm, artırım?" -deyərək gülüb. Bu vaxtdan etibarən, Anardan heç bir məlumat almaq mümkün olmayıb. Onun sonuncu döyüşü olan 6-8 oktyabrda Füzuli yaxınlığında gedən hücum əməliyyatında da Anar hamıdan öndə hücuma keçərək düşmənə sarsıdıcı zərbə vurub. 2020-ci il oktyabrın 9-da 30 nəfərə yaxın şəxsi heyət, o cümlədən, A.Məmmədzadə şəhid olub və onları döyüş meydanından çıxarmaq mümkün olmayıb. Həmin istiqamətdə düşmənin böyük qüvvələri cəmləşdiyi üçün hücum istiqaməti dəyişdirilərək Cəbrayıl və Hadrutda davam etdirilib, həmin əraziləri isə 20-21 oktyabrda düşmən işğalından azad etmək mümkün olub. Şəhidlərimizin nəşi yalnız onda götürülüb və DNT analizindən sonra 19 noyabrda Zərdabın Gəlmə kəndinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Anar Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən Anar Məmmədzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Rüstəmli İbrahim Mirzağa oğlu

Rüstəmli İbrahim Mirzağa oğlu 18 iyul 1993-cü ildə Zərdab rayonunun Şahhüseynli kəndində anadan olub. 2011-ci ildə orta məktəbi bitirib və hərbi xidmətə gedib. Aprel döyüşlərinə könüllü yazılıb. 2020-ci ilin sentyabr ayının 21-də könüllü olaraq cəbhəyə yollanıb. İlk vaxtlar topçu kimi xidmət edib. Oktyabrın ortalarında yüngül qəlpə yarası alıb. Bir müddət müalicə alıb, sağaldıqdan sonra yenidən cəbhəyə yollanıb. Xocavənd rayonunun bir neçə kəndinin alınmasında fəal iştirak edib. Noyabrın 9-da Xocavənd uğrunda gedən döyüşlərdə yaralanmış bir neçə əsgər yoldaşının mühasirədən çıxmasına kömək edərkən qəhrəmancasına şəhid olub. Zərdab rayon Şahhüseynli kənd qəbristanlığında dəfn edilib. Ailəli idi, iki övladı var. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Rüstəmli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Rüstəmli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Keçidlər