BAŞÇI OTMANOBADA SƏYYAR QƏBUL KEÇİRDİ
Bu gün Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev rayonun Otmanoba kəndində yerli sakinlərlə səyyar qəbul keçirib. Qəbulun əvvəlində Rayon İcra Hakimiyyətinin Başçısı son illər respublikamızda və rayonumuzda görülmüş işlər barədə geniş məlumat verib. İcra başçısı öz çıxışında bu səyyar qəbulların ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi keçirildiyini və bu tip görüşlərin əhəmiyyətini xüsusilə vurğulayıb.
Daha sonra sakinlər respublikamızda və eləcə də rayonumuzda gedən abadlıq, quruculuq, əsaslı yenidənqurma işlərinə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Kənd sakinləri Ağababa İbrahimov, Gilanə Bayramova, Nadir Məmmədov, Nadir Hüseynov və başqaları çıxış edərək kəndə təbii qaz xəttinin çəkilməsi, Otmanoba-Əlvənd avtomobil yoluna asfalt örtük vurulması, ərazisindəki əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə 1 ədəd elektrik su nasosunun quraşdırılması, İçməli suya olan tələbatı ödəmək üçün kənddə modul tipli təmizləyici qurğunun tikintisi və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbərliyi qaldırılan təkliflərin diqqətdən kənarda qalmayacağını vurğulayaraq ayrı-ayrı təkliflərin həlli istiqamətində səyyar qəbulda iştirak edən xidmət təşkilatlarının rəhbərlərinə tapşırıqlarını verib.
Səyyar qəbuldan dərhal sonra əlaqədar nazirlik və komitələrə kənd sakinlərinin təklif etdiyi məsələlər barədə rəsmi müraciətlər edilib.