ZƏRDAB MÜƏLLİMLƏRİNİN SENTYABR KONFRANSI KEÇİRİLDİ
Bu gün Zərdab rayonunun təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Daha sonra konfrans öz işinə başlamışdır. Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev “2012-2013-cü dərs ilinin yekunları, 2013-cü ildə qarşıda duran vəzifələr” mövzusunda geniş məruzə ilə çıxış edib. Daha sonra konfransın işi məruzə ətrafında müzakirələrlə davam etdirilib.
Məruzə və çıxışlarda qeyd edilib ki, 2012-2013-cü dərs ilində rayonda 43 ümumtəhsil məktəbi, o cümlədən 28 tam, 9 ümumi orta, 6 ibtidai məktəb fəaliyyət göstərib. Son illərdə Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikanın bütün bölgələrində olduğu kimi Zərdab rayonunda da təhsilin inkişafı istiqamətində xeyli iş görülüb, 13 yeni məktəb binası tikilib istifadəyə verilib, hazırda 4 yeni məktəb binası – Çallı kəndində 360, İsaqbağı kəndində 220, Aşağı Seyidlər kəndində 80, “32 hektar” adlanan ərazidə 132 şagird yerlik yeni məktəb binaları açılışa hazırdır.
Eyni zamanda rayonun Körpükənd, Kəndəbil kənd, şəhər 3 nömrəli tam orta, Nəzəralılı kənd ibtidai məktəblərində cari təmir işləri aparılıb.
Əgər 2007-ci ildə 43 ümumtəhsil məktəbinin 13-dən ali məktəblərə cəmi 47 nəfər məzun qəbul olunubsa, 2013-cü ildə 41 ümumtəhsil məktəbinin yetirməsindən 137 nəfər məzun ali məktəbə qəbul olub, onlardan 6 nəfəri 600-dən çox bal toplayıb.
Hazırda rayonun ümumtəhsil məktəblərində 6 Əməkdar müəllim, 5 Tərəqqi medallı müəllim fəaliyyət göstərir.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev və Azərbaycan Respublikası Təhsil Nazirliyinin kənd məktəbləri üzrə idarə rəisi Aydın Əhmədov konfransda çıxış edərək, müəllimlərə yeni dərs ilində uğurlar arzulayıblar.
Konfransın qətnaməsi oxunduqdan sonra cənab İlham Əliyevə rayon müəllimləri adından müraciət qəbul olunub.