Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunun Birinci Alıcanlı kənd sakini Ataxan Əsədovun sosial şəbəkələrdə yayılmış müraciətinə cavab

05 yanvar 2021 | 16:00

Zərdab rayonunun Birinci Alıcanlı  kənd  sakini Ataxan  Əsədovun  icarəsində  olan  torpaq  sahəsinin Rayon İcra  Hakimiyyəti başçısı və  Rayon İcra  Hakimiyyəti Başçısı Aparatının digər   vəzifəli  şəxslərinin tövsiyə və tapşırığına əsasən  digər  həmkəndliləri  tərəfindən otarılması  barədə müraciətinə cavab olaraq bildiririk ki, son vaxtlar rayonda heyvandarlığın inkişafına göstərilən dövlət dəstəyi nəticəsində iri və xırda buynuzlu mal-qaranın baş sayının artaraq 170 minə çatması bələdiyyə mülkiyyətində olan örüş-otlaq sahələrinə olan tələbatı artırmışdır. Bununla əlaqədar kənd sakinləri ümumi istifadə üçün nəzərdə tutulmuş, lakin əvvəlki rayon rəhbərlərinin fəaliyyət dövrünü əhatə edən son 20 il müddətində ayrı-ayrı şəxslərin icarəsinə verilmiş və zəbt olunmuş örüş sahələrinin geri qaytarılması üçün Rayon İcra Hakimiyyətinə çoxsaylı müraciət etmişlər. Odur ki,  vəziyyətin araşdırılması məqsədi ilə Rayon İcra Hakimiyyəti başçısının 21.02.2020-ci il tarixli sərəncamına əsasən xüsusi komissiya yaradılmışdır.
Ötən müddət ərzində komissiyanın  fəaliyyəti nəticəsində  bələdiyyə tərəfindən torpaqlardan təyinatı üzrə istifadə qaydalarına əməl etməyərək və  zəbt edərək istifadə edən sakinlərə bildiriş xarakterli məktublar göndərilmişdir.
Eyni zamanda sakinlərdən bir neçəsi istifadələrində olan sahələrdən taxıl və yoncanı biçib götürdükdən sonra torpaqları boşaldacaqlarına dair bələdiyyə və həmkəndliləri qarşısında öhdəlik götürmüşlər. Bütün bunlara baxmayaraq sakinlərdən bəziləri həmkəndlilərinin istifadəsində olan torpaqlardakı əkinlərin, o cümlədən taxıl və yonca sahələrinin mal-qaraya otarılmasına cəhd göstərmişlər. Birinci Alıcanlı bələdiyyəsi üzrə icarədarlardan Sarvan Salahov, Fənarə Qasımova, Namət İsmayılov, Ataxan Əsədov və başqaları onlara məxsus əkinlərin otarılması ilə əlaqədar məhkəmədə həmkəndlilərinə qarşı dəymiş ziyanın ödənilməsi barədə iddia qaldırmışlar. Ataxan Əsədov Birinci Alıcanlı bələdiyyəsinin 25.03.2005-ci il tarixli, 03 saylı qərarı ilə 25 il müddətinə icarəsinə verilmiş örüş təyinatlı 10 hektar torpaq sahəsindən istifadəyə maneçilik törədilməsi və dəymiş ziyanın ödənilməsi barədə iddia qaldırmış, iddianın yonca sahəsinin otarılması ilə bağlı dəymiş ziyanın ödənilməsi barədə hissəsi təmin olunmuş, digər hissələri təmin olunmamışdır.
Ataxan Əsədovun icarəsində olmuş və Birinci Alıcanlı  bələdiyyəsinə  məxsus  10 hektar  örüş təyinatlı torpaq  sahəsi hazırda kənd sakinləri tərəfindən örüş kimi istifadə olunur.
Ataxan Əsədov hazırda Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin (sabiq) rayon şöbəsinin və bələdiyyənin təsdiq etdiyi sxemə əsasən, bələdiyyənin sair təyinatlı torpaqlarının 1,8 hektar hissəsinin su ilə örtülü 1,3 hektar hissəsindən balıqçılıq, 0,5 hektar hissəsindən bağçılıq məqsədilə istifadə edir.
Ötən müddət  ərzində Birinci Alıcanlı bələdiyyəsi üzrə 14 nəfərin istifadəsində olan  115 ha ümumi istifadə üçün  nəzərdə  tutulan  örüş torpaqları kənd sakinlərinin istifadəsinə qaytarılmışdır.
Hazırda  Birinci Alıcanlı bələdiyyəsi  üzrə ümumi istifadə  üçün nəzərdə tutulmuş 712,33 hektar  örüş sahəsi tam olaraq sakinlərin ümumi istifadəsindədir.
Əlavə olaraq bildiririk ki, Ataxan Əsədov son 2 ay ərzində ümumiyyətlə rayon icra hakimiyyəti başçısının qəbulunda olmamışdır. Əvvəllər qəbul edilərkən bütün qəbullar video çəkiliş vasitəsilə həyata keçirilmişdir.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1 maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncamın verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən torpağın dövlət icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
Eyni zamanda bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər.
Odur ki,  icarəyə  torpaq sahəsi götürmək məqsədilə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti bələdiyyələrə müraciət edirlər.

Ataxan Əsədov həm ağsaqqal kimi yaşına hörmət olaraq, həm də şəhid ailəsi olması nəzərə alınaraq daim rayon icra hakimiyyətində hörmətlə qəbul edilmiş və dinlənilmişdir. A.Əsədovun icra hakimiyyətinin başçısı tərəfindən döyülməsinə cəhd göstərilməsi barədə fikirləri şər və böhtan xarakterli olmaqla, tamamilə əsassızdır. O, əvvəllər istifadə etdiyi örüş torpağının yenidən ona qaytarılmasına nail olmaq üçün bu cür yalanlar uydurmaqla, müxtəlif yollara əl atır.

Keçidlər