Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunun Dəkkəoba kənd sakini Asif İsayevin saytlarda yayılmış müraciətinə cavab

31 dekabr 2020 | 16:00

Saytılarda yayımlanmış “Sakinlər bələdiyyə sədrinin bağları satdığını deyir - Rəsmilər təkzib edir” adlı materiala cavab olaraq bildiririk ki, son vaxtlar rayonda heyvandarlığın inkişaf etməsi  nəticəsində iri və xırda buynuzlu mal-qaranın baş sayının 170 minə çatması bələdiyyə mülkiyyətində olan örüş-otlaq sahələrinə olan tələbatı artırmışdır. Bununla əlaqədar kənd sakinləri əvvəlki rayon rəhbərlərinin fəaliyyəti dövründə ümumi istifadə üçün nəzərdə tutulmuş, lakin son 20 il müddətində ayrı-ayrı şəxslərin icarəsinə verilmiş və zəbt olunmuş örüş sahələrinin geri qaytarılması üçün Rayon İcra Hakimiyyətinə çoxsaylı müraciət etmişlər. Odur ki,  vəziyyətin araşdırılması məqsədi ilə Rayon İcra Hakimiyyəti başçısının 21.02.2020-ci il tarixli sərəncamına əsasən xüsusi komissiya yaradılmışdır.
Həyata keçirilən tədbirlər nəticəsində son aylar ərzində Dəkkəoba bələdiyyəsi üzrə 10 nəfər icarədardan 100 hektar ümumi örüş torpaqları geri qaytarılaraq kənd sakinlərinin ümumi istifadəsinə verilmişdir. Üç nəfərin icarəsinə verilmiş 104 hektar örüş torpağının geri qaytarılması ilə bağlı Dəkkəoba bələdiyyəsi tərəfindən məhkəmədə iddia qaldırılımışdır və hazırda icraatdadır. Bir nəfər kənd sakini 18,0 hektar örüş torpağında qanunsuz şum apardığı üçün bələdiyyə tərəfindən 2020-ci ilin noyabr ayında Rayon Polis Şöbəsinə müraciət olunmuşdur. 419,4 hektar ümumi örüş torpağının 297,4 hektarı hazırda sakinlərin ümumi istifadəsindədir.
Bələdiyyənin islahatdan öncə tut bağı kimi istifadə olunan 16 hektar əkin təyinatlı torpaq sahəsi sonradan ehtiyac olmadığından bağ kimi istifadə olunmamış və mövcud ağaclar tədricən tələf olmuşdur.
Həmin ərazidən 3 hektar torpaq sahəsi  bələdiyyənin 05 aprel 2007-ci il tarixli, 04 saylı qərarı ilə 15 il müddətinə əkinçilik məqsədilə kənd sakini Sadıqov Nəriman Əvəz oğlunun icarəsinə verilmişdr.
Dəkkəoba bələdiyyəsinin 18 aprel 2014-cü il tarixli, 04 saylı qərarına əsasən həmin ərazidən 10 hektar torpaq sahəsi kənd sakini Cəfərov Xətai Talış oğluna hərrac yolu ilə 20 il müddətinə bağçılıq məqsədilə icarəyə verilmişdir. Torpaq üzərində icarə hüququ Əmlak Məsələləri Dövlət Komitəsinin 19.12.2015-ci il tarixli çıxarışı ilə təsdiq olunmuşdur.
Bələdiyyənin qərarı ilə sakinlərin ümumi müraciətinə əsasən sözügedən ərazidən 2 hektar torpaq sahəsi qəbiristanlıq üçün ayrılmışdır. Qalan bir hektar torpaq sahəsində isə yeni tut tingləri əkilmişdir.
Bundan əlavə bildiririk ki, əvvəlki illərdə baramaçılığın inkişafı ilə əlaqədar dövlət tərəfindən əvəzsiz olaraq  verilən tut tinglərindən 5000 ədədi Xətai Cəfərova məxsus tut bağında və ayrı-ayrı sakinlərin fərdi təsərrüfatında əkilmişdir. 2020-ci ildə isə 2000 ədəd yerli tut tingi 2 hektar bələdiyyə torpağında əkilmişdir. Hazırda ağaclara qulluq göstərilir və suvarma işləri aparılır.
Dəkkəoba bələdiyyəsi üzrə hər il 2 tona yaxın barama tədarük olunur və kənddə kifayət qədər yem bazası mövcuddur.

Keçidlər