İCRA BAŞÇISI MƏMMƏDQASIMLI KƏNDİNDƏ QƏBUL KEÇİRDİ
Bu gün Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev rayonun Məmmədqasımlı kəndində yerli sakinlərlə səyyar qəbul keçirib. Qəbulun əvvəlində Rayon İcra Hakimiyyətinin Başçısı son illər respublikamızda və rayonumuzda görülmüş işlər barədə geniş məlumat verib. İcra başçısı öz çıxışında bildirib ki, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan xalqının mütləq əksəriyyətinin etimadını doğruldub, inamını qazanıb. Ulu Öndərimiz Heydər Əliyevin ideyalarına sadiqliyini əməli işi ilə sübuta yetirən ölkə başçımız Azərbaycanın dünya dövlətləri sırasında tanınmasında müstəsna rol oynayıb. Bu gün Azərbaycan dövlətinin rəhbərliyi ilə bir sıra beynəlxalq layihələr icra edilir. Son 10 ildə respublikamızın daha da çiçəklənməsi və qüdrətlənməsi naminə möhkəm bünövrə, təməl qoyulmuşdur. Azərbaycanda milli-mənəvi dəyərlər möhkəm qorunur, daha da inkişaf etdirilir.
Daha sonra sakinlər respublikamızda və eləcə də rayonumuzda gedən abadlıq, quruculuq, əsaslı yenidənqurma işlərinə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Kənd sakinləri Sarvan Eyvazov, Simuzər Mirzəliyeva, Gülsənəm Əzizova, Hamayıl Eyvazova, Muradalı Heydərov və başqaları çıxış edərək kəndə təbii qaz xəttinin çəkilməsi, kəndə gələn mərkəzi yolun əsaslı təmir olunması, ərazidəki əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, şirəkeş kanalının qazılması və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbərliyi qaldırılan təkliflərin diqqətdən kənarda qalmayacağını vurğulayaraq ayrı-ayrı təkliflərin həlli istiqamətində səyyar qəbulda iştirak edən xidmət təşkilatlarının rəhbərlərinə öz tapşırıq və tövsiyələrini verib.
Səyyar qəbuldan dərhal sonra əlaqədar nazirlik və komitələrə kənd sakinlərinin təklif etdiyi məsələlər barədə rəsmi müraciətlər edilib.