Jalə Əliyeva xəstəxanada zərdablı qazi Roman Mirzəliyevi ziyarət edib
"Bu gün City Hospitalda Cəbrayıl uğrunda döyüşlərdə ağır yaralanmış qazi Mirzəliyev Roman Aleksandr oğlunu ziyarət etdim. Roman 3 gün öncə hospitalda Yaşat Fondunun dəstəyi ilə əməliyyat olunub. Onu əməliyyat edən tanınmış travmatoloq ortoped Bayram Qorçiyevlə, əməliyyatda iştirak efən həkimlər Inar Seyidov və Babək Əlinagıyevlə, müalicə həkimi Fərid Məmmədovla və digər tibbi personalla görüşdüm. Roman 3 gün əvvəl sağ baldırın yuxarı üçdə bir hissəsinin qəlpə yaralanması, osteomielit, sağ aşıq baldır oynağının kataraktası, sol baldır aşağı üçdə bir hissəsinin sümük deformasiyası diaqnozu ilə hospitalda əməliyyat olunub. 6 saat sürən əməliyyat müvəffəqiyyətlə keçib. Hazırda vəziyyəti qənaətbəxşdir. 2-3 günə qədər evinə-Zərdaba qayıdacaq. Həkimin verdiyi məlumata görə 4 ay sonra ayaqlarındakı problem tamamilə aradan qalxacaq. Həmin vaxta qədər isə rayonda təbii ki, həkim nəzarəti altında olmalı, sağ ayağının sarğıları hər gün, sol ayağının sarğıları isə 3 gündən bir dəyişdirilməlidir. Bir ay sonra təkrar müayinə üçün Bakıya qayıdacaq inşallah. Palatada Romanla birlikdə müalicə olunan daha iki qazimizlə tanış oldum. Biri Suqovuşanda yaralanan, Bakının Nizami rayonundan mayor Nicat Əmrəliyev, dugəri isə Roman kimi Cəbrayılda yaralanan, əslən Saatlı rayonundan əsgər Həsən Mehdiyevdir. Hər üçü ilə söhbət edərkən onların məğrurluğuna, igidliyinə, qəhrəmanlığına, həm də təmkininə heyran qaldım. Bu gənc oğullarımızın, qardaşlarımızın döyüş xatirələrini dinlədikcə sanki özüm də ön cəbhədəymişəm kimi hiss edirdim özümü. O qədər həvəslə, coşquyla, sevinclə danışırdılar ki, o qədər qürurlu idilər ki! Onları saatlarla dinləmək keçirdi ürəyimdən. Heç ayrılmaq istəmirdim açığı onlardan, onların qəhrəmanlıq hekayələrindən. Amma xəstəxananın da öz qaydaları var təbii ki. Və mən onları orada buraxıb getmək istəməsəm də, qaydaların tələblərinə əməl etmək məcburiyətində idim... Mənim xəstəxanada olduğum saatlarda daha bir qazimiz də əməliyyat olunurdu. Ona da, palatada yatan və artıq dostlaşmış digər üç qazimizə, eyni zamanda bütün qazilərimizə allahdan şəfa diləyərək xəstəxanadan ayrıldım. Allah bütöv Azərbaycanımız uğrunda sağlamlığını qurban verən bütün qazilərimizi, bir an belə düşünmədən Vətən üçün döyüşlərə qatılan bütün əsgərlərimizi qorusun! Amin! Fürsətdən istifadə edərək, City Hospitalın yuxarıda adını çəkdiyim dəyərli həkimlərinə, məsuliyyətli tbbi personala və xəstəxanada olduğum vaxt mənə yaxından kömək göstərən hospitalın iki xanım əməkdaşına-iki Fidan xanımlara təşəkkürlərimi bildirirəm"
Jalə Əliyeva
25.01.2021
https://www.facebook.com/DeputyofAzerbaijanOfficial