Şriftin ölçüsü :

Saytın rəngi :

Jalə Əliyeva: 20 Yanvar xalqımızın milli qürur, milli fəxarət günüdür

19 yanvar 2021 | 16:00

Bakı, 19 yanvar, AZƏRTAC

20 Yanvar - xalqımızın, millətimizin kədər və sevinc, eyni zamanda, milli qürur və milli fəxarət tarixi, canı ilə, qanı ilə dastan yazdığı gündür. 20 Yanvar - əliyalın, silahsız xalqın sovet imperiyasının, sovet ordusunun üstünə yürüdüyü gündür.

AZƏRTAC xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyevanın açıqlamasında yer alıb.

Jalə Əliyeva deyib: “1956-cı ilin Macarıstan, 1968-ci ilin Çexoslovakiya, 1980-ci ilin Polşa, 1986-cı ilin Qazaxıstan hadisələrindən, 1989-cu ilin Tiflis-aprel qətliamından, ‪1979-89‬-cu illərin Əfqanıstan işğalından nəticə çıxarmayan, ibrət götürməyən sovet ordusunun, o zamankı Kreml hakimiyyətinin öz torpaqlarının, Qarabağının müdafiəsinə qalxan xalqı - Azərbaycan xalqını cəzalandırmağa, susdurmağa çalışdığı qanlı gecə…

1988-ci ilin fevralından etibarən Moskvadakı, Kremldəki və Qərbdəki havadarlarının, dəstəkçilərinin fitvası, dəstəyi, təhriki ilə xəstə təfəkkürlü ermənilər bir əsrdə dördüncü dəfə Azərbaycana qarşı torpaq, ərazi iddiaları irəli sürərək, Qarabağı zorla ilhaq etmək cəhdinə baş vurdular, Qarabağ fitnəkarlığının, Qarabağ münaqişəsinin əsasını qoydular.

Cəmi bir ilə, 1989-cu ilin dekabrına kimi də Ermənistandan, Qərbi Azərbaycan torpaqlarından, öz ata-baba yurdlarından 200 mindən çox azərbaycanlını, Azərbaycan türkünü son nəfərinədək didərgin, qaçqın saldılar.

Bu azmış kimi, Quqarkda, Masisdə insanlıqdan kənar olan insanlıq dramları yaşatdılar, azərbaycanlıları diri-diri dəmir borulara dolduraraq, ağzını qaynaqlayaraq, vandalizm, barbarizm aktları törətdilər.

Qarabağın Yuxarı, Dağlıq adlandırılan hissəsindən də azərbaycanlıları sıxışdırmağa, öz yurdlarından didərgin salmağa başladılar.

Təbii ki, arxalarında dayananların, havadarlarının, mənhus Qorbaçov hakimiyyətinin hesabına… Axı, atalar məsəlimizdə də deyildiyi kimi, arxalı köpək qurd basarmış… Ermənilər də məhz bu məsəldə deyildiyi kimi və hər zamankı xislətlərinə uyğun şəkildə hərəkət etdilər, öz rəzil, miskin, qəddar simalarını bir daha nümayiş etdirdilər.

Bu isə heç şübhəsiz, bu torpaqların qanuni yiyəsi və sahibi olan azərbaycanlıları, 19-cu əsrdən bölünə-bölünə gələn, parçalanan, güneyə, quzeyə ayrılan, sinəsinə Araz boyda dərd çəkilən bir toplumu razı sala, kükrətməyə bilməzdi.

Qarabağ münaqişəsinin başladığı andan Azərbaycan xalqı illərdən bəri qəlbində yaşatdığı müstəqillik arzusu ilə yenidən qəddini, qamətini düzəltməyə, öz haqq səsini, etirazını ucaltmağa başladı.

1988-ci ilin noyabr ayında məşhur “Meydan hərəkatı” yaşandı və tarixə yazıldı. Elə həmin dövrdə Azərbaycan xalqı Qərb mərkəzləri tərəfindən “İlin xalqı” elan edildi.

Qarabağ hadisələri genişlənərək, Azərbaycan xalqının 20-ci əsrdəki ikinci milli-azadlıq hərəkatına çevrildi.

Bu da öz növbəsində, Qarabağ ssenarisini yazanları, yazdıranları heç cür qane edə, qıcıqlandırmaya, əndişələndirməyə bilməzdi.

Çünki 68 illik qanlı sovetlər işğalından sonra Azərbaycan xalqı yenidən adını dəyişən, amma mahiyyətini dəyişməyən imperiyanın, həmçinin ermənipərəst dairələrin kürkünə birə salmışdı.

Azərbaycan xalqının artıq milli-azadlıq sevdasından əl çəkməyəcəyini, vaz keçməyəcəyini görən mərkəz - Kreml hakimiyyəti, cani Qorbaçov, Yazov, Bakatin, Rıjkov və digərləri, həmçinin anti-Azərbaycan ermənipərəst mərkəzlər islam fundamentalizmi bəhanəsi ilə Azərbaycan xalqını birdəfəlik susdurmağa, cəzalandırmağa qərar verdilər.

1990-cı ilin 19 yanvarından 20-nə keçən gecə heç bir xəbərdarlıq etmədən, qadağan olunmuş silahlarla Azərbaycan xalqının, öz vətəndaşlarının, Bakının üzərinə yürüdülər. Yüzlərlə insanı qətlə yetirdilər, minə yaxın insanı əlil, şikəst etdilər. Həbslər dalğası başlandı. Evlər, mənzillər, maşınlar, avtobuslar gülləboran olundu, əzildi, məhv edildi. Dünyada görünməmiş, misli-bərabəri olmayan qanlı cinayət törətdilər, öz rəzil simalarını bir daha ortaya qoydular.

Amma istədiklərinin, nəzərdə tutduqlarının tam əksini gördülər! Azərbaycan xalqının yenilməzliyini, sınmazlığını, əyilməzliyini, milli-azadlıq sevdasından əl çəkməyəcəyini gördülər!

Azərbaycan xalqının daha kəskin nifrəti, qəzəbi ilə üzləşdilər. Dünyada görünməmiş bir həmrəyliklə, Bakıda azadlıq Şəhidlərinin ümumxalq hüzn-dəfnetmə mərasimi ilə üz-üzə qaldılar. İki milyona yaxın Bakı əhalisinin az qala hamısının, bütövlükdə 7-8 milyonluq Azərbaycan xalqının dimdik ayaqda olduğunu, öz şəhidlərini əbədiyyətə uğurladığını, heç nədən, tankdan-topdan çəkinmədən küçələrə axışdığını gördülər!

21 və 22 yanvarda yaşananlar, “partbiletlər”dən kütləvi imtina, onların yandırılması və sair məqamlar dünyada həm qanlı sovet imperiyasında, Kreml hakimiyyətində, həm də bu hadisələrə seyrçi qalan lal, kar, kor olan dünyada əsl şok effekti, rezonans yaratdı.

Azərbaycanı görmək istəməyənlər 20 Yanvardan sonra xalqımızı görməyə, onun əzmini, iradəsini etiraf etməyə məcbur oldular. Həm də 20 Yanvar hadisələri SSRİ-nin tam çöküşünün, məhvinin əsasını qoydu. SSRİ-nin çöküşü, məhvi məhz 20 Yanvardan, Azərbaycan xalqının birmənalı istiqlal qərarından başladı və öz məntiqi sonluğuna da çatdı. 20 Yanvardan heç iki il keçməmiş şər imperiyası olan SSRİ, sosializm, kommunizm quruluşu çökdü, yox oldu.

Bu yerdə, eyni zamanda, bir tarixi hadisəni qeyd etməmək, xatırlamamaq da mümkün deyil. Belə ki, xalqımızın dahi oğlu, tarixi və böyük şəxsiyyət Heydər Əliyev 1990-cı ilin 20 Yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar 1990-cı il) öz həyatını təhlükə və risk altına qoyaraq, ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, tarixi bəyanatla çıxış etdi, başda Qorbaçov olmaqla, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etdi.

Bu hadisə, bu addım həmin günlərdə Azərbaycan xalqına böyük mənəvi dəstək oldu, ona güc verdi, onun ruhuna ruh qatdı, mübarizə əzmini birə beşqat artırdı, istiqlal mücadiləsini daha da coşdurdu, alovlandırdı.

Azərbaycan xalqı və dövləti yaşadıqca və var olduqca, bu tarixi an, bu tarixi hadisə heç zaman unudulmayacaq, daim xatırlanacaq, təqdir ediləcək, minnətdarlıqla anılacaq!

Bəli, 20 Yanvar hadisələrinin üstündən çox da böyük zaman keçmədən Azərbaycan xalqı tarixində, iyirminci əsrdə ikinci İstiqlalına, Müstəqilliyinə qovuşdu. Şəhidlərimizin, 20 Yanvar mücahidlərinin, istiqlalsevərlərin ruhu şad oldu. Qanları yerdə qalmadı, qisas qiyamətə qədər gözləmədi!

Ulu Öndərin 1993-cü ilin ağır iyun günlərində hakimiyyətə gəlişi və tarixi Xilaskarlıq missiyası ilə xalqımız, dövlətimiz bir daha özünü topladı, bir daha qəddini-qamətini düzəltdi və əsl inkişaf, tərəqqi, quruculuq mərhələsinə qədəm qoydu.

Yaxın tariximizdə iki xilaskarın ata və oğul - Heydər Əliyevin və İlham Əliyevin yaratdıqları möhkəm özüldən güc alan xalq 32 illik səbir və təmkindən sonra yenidən kükrədi, yenidən ayağa qalxdı! Müzəffər Ali Baş Komandanın rəhbərliyi və Azərbaycan Əsgərinin qəhrəmanlığı ilə növbəti azadlığına, bütövlüyünə- Qarabağına doğru şərəfli bir yola çıxdı! Cəmi 44 günə 32 illik qanlı Qarabağ münaqişəsinə, fitnəkarlığına son qoydu, Zəfər, Qələbə çaldı!

Biz indi sözün əsl mənasında hürr Azərbaycanıq, dünyada Qarabağına, ruhuna qovuşmuş məğrur Azərbaycan var!

Artıq 20 Yanvar və 44 günlük Savaş bizim göz yaşlarımız, kədər tariximiz deyil, milli fəxarət və milli şərəf tariximiz, qürur və bütövlük günlərimizdir!

Ruhumuzu dirçəldən Şəhidlərimizin ruhları şad, can Azərbaycanımızın azadlığı mübarək olsun!”.

Keçidlər