Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağ Azərbaycandır!” şüarı altında “Sizinləyik” kampaniyasına start verildi

20 yanvar 2021 | 16:00

Həmtəsisçisi olduğum Həsən bəy Zərdabi İrs Mərkəzi və həmin Mərkəzin sədri, gənc və fəal dostumuz Seymur Bayramov, Mərkəzin həmtəsisçisi və həmsədri, Həsən bəy nəslinin davamçısı Nüsrət Məlikov, eyni zamanda “Vəfa Collection” şirkətinin təsisçisi və rəhbəri Vəfa xanım Muradzadə, vətəndən kənarda yaşayan nüfuzlu iş adamı Qaçay İbişov və ictimai fəal, dəyərli Ramil Mehdiyev qardaşımızla birlikdə bizi birləşdirən Xeyir, Humanizm, Dostluq, Həmrəylik, Vətəndaşlıq duyğularıyla silahlanaraq, bu günə qədər olduğu kimi, bundan sonra da ətrafımıza faydalı olmaq arzusu ilə yola çıxdıq.

Şəhid, qazi və müharibə iştirakçısı ailələrinə yardım məqsədilə “Qarabağ Azərbaycandır!” şüarı altında “Sizinləyik” kampaniyasına start verdik.

Məqsədimiz Şəhid, qazi və müharibə iştirakçısı ailələrini ziyarət etmək, onlara sosial, hüquqi, psixoloji, mənəvi dəstək olmaq, onları diqqət mərkəzində tutmaqdır.

Kampaniyanın başladılması üçün xüsusi təşəbbüs göstərən və təşkilati işlərdə bizdən yardımını əsirgəməyən həmyerlimiz Coşqun Abdullayevə təşəkkür edirəm.

Bunu da qeyd etmək istəyirəm ki, Vətən müharibəsinin başladığı və davam etdiyi günlərdə də Zərdab rayon Gənclər və İdman İdarəsinin rəhbəri İlkin Əliyevin, Coşqun Abdullayevin, bir-neçə Zərdablı gəncin və mənim iştirakımla ön cəbhəyə dəstək və yaralılara yardım məqsədli daha bir aksiya keçirmişdik.

Həmin günlərdə də səsimizə səs verən, aksiyada iştirakıyla vətəndaşlıq mövqeyini ortaya qoyan, əsgərimizin yanında olan hər kəsə bir daha təşəkkürlərimi çatdırıram.

Yuxarıda haqqında söz etdiyim yeni kampaniyanın da işinə uğurlar arzulayıram.

Əminəm ki, qəlbi, düşüncəsi vətənsevərlik və insanpərvərliklə yoğrulan bütün yurddaşlarımızı aramızda görmək bizlərə həmrəy olmağın qürurunu yaşadacaqdır.

Jalə ƏLİYEVA,

Həsən bəy Zərdabi İrs Mərkəzinin həmtəsisçisi,
filoligiya elmləri doktoru, professor

Millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri Komitəsinin sədr müavini

Keçidlər