Şriftin ölçüsü :

Saytın rəngi :

Yanvarın 25-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib

25 yanvar 2021 | 16:00

Yanvarın 25-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib. İclasda 2021-ci il qanunverilik işləri planı müzakirə edilib. Komitə sədri Hicran Hüseynova yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verib, 2 fevral – Gənclər günü ərəfəsində “Gənc ailələrin sosial vəziyyəti” mövzusunda geniş videokonfransın keçirilməsinin nəzərdə tutulduğunu deyib. İclasda iştirak edən Komitə sədrinin müavini Jalə Əliyeva gündəliyə çıxarılan məsələlər ətrafında çıxış edərək təkliflərini bildirib. Jalə Əliyeva, 2020-ci ilin Azərbaycan tarixinə silinməz parlaq bir səhifə yazdığını vurğulayaraq, qazanılan Zəfərə aparan şərəfli yoldan danışıb. Ölkə başçısının bir çağırışı ilə 10 minlərlə Azərbaycan oğlunun tərəddüdsüz ön cəbhəyə yola düşdüyünü bildirib. Jalə Əliyeva, biz belə gənclərimizlə fəxr edirik, deyib. İnanırıq ki, onlar bizim gələcəyimizin qurucuları içərisində əhəmiyyətli yerdə gələcəklər, deyə sözlərinə əlavə edib. Daha sonra, Jalə Əliyeva gənclərə, gənc ailələrə dövlət qayğısından söz açıb. Xüsusilə şəhid və qazi ailələri ilə bağlı məsələlərə toxunan deputat, onların qarşılaşdıqları problemlərin həllinin dövlət üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb və bunun üçün hər bir dövlət məmurunun öz öhdəsinə düşən vəzifəni yerinə yetirməli olduğunu, bunun cənab Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bir tələb olduğuna diqqət çəkib.

Keçidlər