Jalə Əliyeva: “Prezidentin Şuşaya səfəri həm siyasi, həm də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir”
‘’Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşaya tarixi səfəri çox qürurverici hadisədir və Azərbaycanın uğurlar siyahısına yazılan yeni bir qələbədir’’.
Bu sözləri Milli Məclisin deputatı, professor Jalə Əliyeva deyib .
Millət vəkili bildirib ki, Azərbaycan xalqının hər bir nümayəndəsi tərəfindən xilaskar adlandırılan Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza qədəm qoyması və oradakı çıxışları zamanı dünyaya çatdırdığı mesajların hər biri Azərbaycan dövlətinin gücünü, qüvvətini bir daha ortaya qoyur: ‘’Torpaqlarımızın işğaldan azad edilməsi şanlı ordumuzun gücü və xalqımızın səfərbərliyi hesabına baş tutdu. Bu böyük qələbənin arxasında qətiyyətli addımları və düzgün xarici siyasəti ilə bu nailiyyətlərə xalqının, ordusunun imza atmasına səbəb olan ölkə Prezidenti Cənab İlham Əliyev durur’’.
Jalə Əliyeva qeyd edib ki, Azərbaycan Prezidentinin Şuşa səfəri də elə kapitulyasiya bəyanatının imzalandığı ilk gündən işğaldan azad olunmuş torpaqlarımıza etdiyi digər səfərlər kimi tarixi səfər idi: ‘’Qarabağın gözü olan Şuşa şəhəri hər zaman strateji, siyasi, iqtisadi və mədəni əhəmiyyətə malik bir bölgəmiz kimi qiymətləndirilib. Ölkə Prezidentinin məhz Şuşaya səfəri həm siyasi , həm də mənəvi baxımdan ikiqat əhəmiyyət kəsb edir. Cənab Prezident oraya gedərkən illərdən bəri güllələnmiş, öz yarandığı torpaqlara həsrət qalan can yadigarı şəhid abidələrimizi də özü ilə birgə apardı. Bu da səfərə daha böyük mənalar kəsb etdirir’’.
Son olaraq millət vəkili əlavə edib ki , Ali Baş Komandan İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri bütün dünyaya Azərbaycan bu bölgədə var olduğu və bundan sonra da var olacağı mesajını verir.