Jalə Əliyeva: Moskva görüşü Azərbaycanın növbəti qələbəsi, Ermənistanın isə növbəti fiaskosu oldu
Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın 11-də keçirilən üçtərəfli Moskva görüşü Azərbaycanın növbəti qələbəsi, Ermənistanın isə növbəti fiaskosu oldu. Ermənistanın bütün xəyalları yenə suya düşdü. 44 günlük müharibə zamanı “Dəmir yumruq” ilə məhv edilən düşmən yenidən siyasi-diplomatik məğlubiyyət acısı yaşadı, necə deyərlər, heç olmasa, bu dəfə “əlidolu” geri qayıdacağını düşünən Paşinyan ölkəsinə yenə suyu süzülə-süzülə, məğlub ölkənin başsız başçısı kimi döndü. Çünki növbəti dəfə qarşısında dəmir iradə, sınmaz, əyilməz cəsarət, qüvvət, qüdrət gördü.
Bu sözləri AZƏRTAC-a Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva bildirib.
Jalə Əliyeva deyib: “Bəli, Moskva görüşü vacib idi. Bəzi qüvvələr yenə də öz xislətlərinə uyğun şəkildə bu görüş hələ baş tutmazdan əvvəl onu qara rənglərlə təsvir etməyə, cəmiyyətə təqdim etməyə uğursuz cəhd etsələr də, yenə alınmadı, istəkləri yenə baş tutmadı, baş tutan yenə görüş oldu, alınan yenə Moskva toplantısı idi. Çünki biz bu görüşə qalib ölkə olaraq getmişdik, çünki Müzəffər Ali Baş Komandan Moskvaya qalib ölkənin lideri kimi getmişdi. Bizim çəkinəcək yerimiz yox idi, biz idik yenə diktə edən və qalib tərəf. Bunu elə görüş zamanı və görüşdən sonra mətbuat üçün verilən birgə bəyanat vaxtı da üzlərdən, gözlərdən, mimikalardan hiss etmək olurdu. Açıq-aşkar görünürdü ki, kim idi həyəcan, təşviş, narahatlıq, vurnuxma, məyusluq içində olan, kim idi özünü tam arxayın, həyəcansız hiss edən.
Elə 10 noyabr Bəyanatının məntiqi davamı olan 11 yanvar Bəyanatı da bizim üstünlüyümüz, bizim uğurumuz, bizim siyasi, iqtisadi, diplomatik, mənəvi qələbəmiz idi. Burada əvvəlcədən “planlaşdırılan” “planların” heç biri yox idi, nə status, nə də “bitməmiş münaqişə” və sair.
Çünki artıq nə münaqişə, nə müharibə, nə də status var. Onlar hamısı 44 günlük müharibə ilə yerlə bir edildi, tarixin arxivinə gömüldü. Bu gün Qarabağına tam sahiblənmiş güclü Azərbaycan var və hər kəs də onunla hesablaşmalıdır, necə ki, hesablaşır. Kimsə və kimlərsə hesablaşmaq istəməsələr, təhlükəli sularda yenə üzməyə cəhd etsələr, bir daha xəstə revanşizm xəyallarına qapılsalar, yenə də “Dəmir yumruğ”u görəcəklər.
Moskva görüşü artıq bir daha münaqişənin geridə qalmasının, müharibənin bitməsinin təsdiqi, imzalanan birgə Bəyanat müharibədən sonrakı dönəmlə bağlı, belə demək mümkünsə, bir “yol xəritəsi” idi. Burada kommunikasiya xətlərinin açılması, iqtisadi əməkdaşlıq, xüsusilə ölkəmizin və daim dəstəyini hiss etdiyimiz qardaş Türkiyənin maraqlarına cavab verən Naxçıvanla Azərbaycanı, həm də Türkiyəni birləşdirəcək dəhliz məsələsinin qarşısında növbəti “yaşıl işığ”ın yandırılması olduqca önəmli məqamlardandır. Bu, həm də bizim növbəti xoşməramlılığımızın, sülhsevərliyimizin daha bir göstəricisi, dünyaya ünvanlanan daha bir mesajımız idi. Biz yenə də öz niyyətimizi əməlimizlə, imzamızla təsdiqlədik, indi söz, qərar qarşı tərəfindir. Ağıllı düşünsünlər, ağıllı qərar versinlər, əks halda, uduzan yenə onlar olacaq. Azərbaycan Prezidentinin də birgə bəyanat zamanı dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”.