İCRA BAŞÇISI TİBB İŞÇİLƏRİ İLƏ GÖRÜŞDÜ
12 sentyabr 2013-cü il tarixdə Zərdab rayonunun tibb işçiləri ilə Rayon İcra Hakimiyyəti Başçısının görüşü olub.
İcra hakimiyyətinin başçısı cənab Lütvəli Babayev son illər respublikada və rayonda görülən işlər barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verərək 7 oktyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Zərdaba səfəri, səfərdən sonra rayonda quruculuq və abadlıq işlərinin daha da genişləndirilməsini vurğulayıb.
Tədbirdə xüsusi qeyd olunub ki, Bakı şəhərindən akademik Böyükkişi Ağayevin, professor Çingiz Cərullazadənin rəhbərliyi ilə rayonumuza həkim briqadalarının gəlməsi və çoxsaylı xəstələrin pulsuz müayinə və müalicəsini həyata keçirməsi əhali tərəfindən minnətdarlıqla qarşılanıb.
Son dövrdə xəstəxananın maddi-texniki bazasının möhkəmləndirilməsi, yumşaq və bərk inventarların alınmasındakı müsbət irəliləyişlər tibb işçiləri tərəfindən razılıqla qarşılanmışdır. Görüşdə rayonun tibb işçiləri son dövrdə görülən işləri, xüsusilə Nazirlər Kabineti tərəfindən Zərdab Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirinə ilkin mərhələdə 1,5 milyon manat vəsaitin ayrılmasını yüksək qiymətləndirmiş və ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Görüşün sonunda rayonun tibb işçiləri 2013-cü ilin 9 oktyabrında keçiriləcək prezident seçkilərində ən layiqli namizədi müdafiə edəcəklərini bildiriblər.