Şriftin ölçüsü :

Saytın rəngi :

AZTƏMİNATLI AİLƏLƏRİN UŞAQLARINA MƏKTƏBLİ FORMALARI VERİLDİ

14 sentyabr 2013 | 15:00

13 sentyabr 2013-cü il tarixdə şəhər mədəniyyət evində aztəminatlı, hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş, şəhid və Qarabağ müharibəsi əlili ailələrindən və digər imtiyazlı ailələrdən olan məktəblilərə dövlət büdcəsinin vəsaiti hesabına məktəbli formalarının və müxtəlif dərs ləvazimatlarının verilməsinə həsr olunmuş yığıncaq keçirilib.

Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri və valideynləri təbrik edib, onlara yeni tədris ilində uğurlar arzulayıb. L.Babayev dövlət başçısının ölkədə elmin və təhsilin inkişafına göstərdiyi qayğısından söhbət açıb.

Sonra Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən 326 nəfər aztəminatlı,  hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş, şəhid və Qarabağ müharibəsi əlili ailələrindən və digər imtiyazlı ailələrdən olan məktəbliyə 30 min manat dəyərində məktəbli forması, o cümlədən kostyum, köynək, ayaqqabı, corab, qalstuk və 11 adda məktəb ləvazimatları verilib.

Tədbirdə çıxış edən məktəblilər və valideynlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
 

Keçidlər