Şriftin ölçüsü :

Saytın rəngi :

Deputat seçiciləri narahat edən məsələləri qaldırdı

17 mart 2021 | 16:00

“Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır.Biz, bütün dünyanı girdabına alan, çalxalayan, dünyada Covid-19 ili kimi yadda qalan 2020-ci ili böyük bir Zəfərlə, şanlı Qələbə ilə başa vurduq. Böyük bir qəhrəmanlıq, şücaət tarixi yazdıq. Həm Azərbaycan, həm də dünya tarixində silinməz bir səhifə açdıq.Bir tərəfdən Covid-19-la əzmkar  mübarizə, digər tərəfdən Covid-19-dan çox çox təhlükəli olan erməni bəlası ilə birdəfəlik, həlledici müharibə və Qələbə!Bunlar, əlbəttə ki, oturuşmuş daxili və xarici siyasət, iqtisadi güc və ən ümdəsi  dövlət-xalq birliyi, həmrəyliyi, xalqın öz rəhbərinə böyük inamı və etimadı sayəsində mümkün olan amillərdir.

Ölkə rəhbərinin bütün zamanlarda, bütün dövrlərdə atdığı düzgün addımların, həlledici mövqeyinin, dəmir iradəsinin nəticəsidir.2020-ci ilin Hesabatı da, bu baxımdan tarixi bir hesabatdır. Bütün çətinliklərə, gözlənilməzliklərə baxmayaraq, qarşıya qoyulan vəzifələrin imkanlar daxilində yerinə yetirilməsini bacaran, nəzərdə tutulan layihələrin həyata keçirilməsini böyük ölçüdə təmin edən bir hesabatdır. Hesabat öz tutumuyla bərabər, həm də tərtibi ilə də diqqət çəkir. Məsələn, Milli Məclis üzvlərinin qaldırdıqları məsələlərin, irəli sürdükləri təkliflərin icra vəziyyəti haqqında məlumat verilməklə bərabər, məlumatlar ötən illərdən fərqi olaraq, təkcə rayonlar üzrə deyil, həm də ölkə miqyasında təsərrüfatlar üzrə sinifləndirilmişdir ki, bu da ötən büdcə ilində görülən və önümüzdəki il və illərdə də rayonlar üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında daha aydın və təfsilatlı material verir və məlumatlandırır.Mən güclü Azərbaycan dövlətinin iqtisadi pasportu rolunu daşıyan bu mükəmməl sənədin –  Hesabatın hazırlanmasında rolu və zəhməti olan bütün hökümət üzvlərinə təşəkkürümü bildirirəm.

Yeri gəlmişkən, təmsilçisi olduğum Zərdab və Ucar rayonları haqqında daha əvvəlki illərdə və ötən il də mütəmadi olaraq qaldırdığımız məsələlərə diqqətlə yanaşaraq, onların bir qisminin həllində, təklif və tövsiyələrimizin dövlət proqramlarında yer almasında köməyini əsirgəmədiyi üçün də hökümətimizə təşəkkür edirəm. Mən xüsusilə təkcə Zərdab rayonunun deyil, həm də İmişli və Ağcabədi rayonlarının şəhərə çıxışını təmin edən alternativ Zərdab-Mollakənd yolunun, Ucar-Zərdab-Ağcabədi yolunun əsaslı təmiri ilə bağlı müraciətlərimizin öz müsbət həllini tapmasına  görə, rayonun Körpükənd kəndini magistral yola bağlayan 4,5 km-lik yolun təmiriylə bağlı ötən büdcə müzakirəsi zamanı səsləndirdiyimiz təklifə qısa müddətdə müsbət reaksiya verərək, həmin yolun tikintisini artıq başlatdıqlarına görə təşəkkürlərimizi səsləndirmək istəyirəm. Gəndəbil-Ağabağı və Əlvənd yolunun da əsaslı təmiri ilə bağlı müraciətimiz artıq müsbər həllini tapıb və yolun bərpası bu il üçün nəzərdə tutulub. Vaxt itkisinə yol verməmək üçün, ayrı-ayrı kəndlərimizlə bağlı həllini tapmış məsələlərin hər birini burada ayrı-ayrılıqda səsləndirə bilmirəm.

Zatən, görünən kəndin bələdçisi olmaz, deyirlər və görülən işlər də vətəndaşlarımızın gözləri önündə baş verdiyi üçün, ən böyük qiyməti də onlar verir və öz minnətdarlıqlarını bildirirlər.  Eyni zamanda bəzi təkliflərimizi və xahişlərimizi də nəzərə çatdırmaq istəyirəm.Belə ki, Zərdab rayonunun Məlikumudlu, Şahhüseynli, Dəliquşçu, Xanməmmədli, Məmmədqasımlı kənd yollarının mərkəzi yolla birləşdiyi hissəsinin əsaslı təmirinə ehtiyac var. Deputatı olduğum Ucar rayonunun  Bərgüşad kəndinin bərbad, keçilməz vəziyyətdə olan yolunun əsaslı təmiri həllivacib məsələlərdəndir. Yenə həmin kəndin, Bərgüşad kəndinin tikintisi başlanmış, lakin sonradan  dayandırılan yeni elektrik xəttinin çəkilişinin davam etdirilməsini xahiş edirik.   Həllivacib məsələlərdən biri  qazlaşdırma ilə bağlıdır. Nəzərə çatdırmaq istəyirəm ki, Zərdab rayonunun bütün kəndləri qazlaşdırılıb. Lakin rayonun Gəndəbil, Ağabağı, Sileyli və Çilovxanlı-Alıcanlı kəndlərinin qazlaşdırılması işi uzun müddətdir ki, yubanır. Bununla bağlı dəfələrlə etdiyimiz müraciətlərlə əlaqədar  olaraq ötən ilin hesabatında həmin kəndlərin 2020-ci ildə qazlaşdırılacağı bildirilmişdi. Lakin ötən il bu məsələ həllini tapmayıb və hazırda müzakirə etdiyimiz Hesabatda isə 2019-2023-cü illər Dövlət Proqramına uyğun olaraq mərhələli şəkildə qazlaşdırılmasının nəzərdə tutulduğu bildirilir. Qazlaşdırma ilə bağlı problem Ucar rayonunun Lək və Xələc kəndlərində də mövcuddur.

Ötən hesabat dövründə hər iki kəndin və eyni zamanda həmin kəndlərdə mövcud olan 3 məscidin qazlaşdırılması ilə bağlı müraciətimiz qismən həllini tapıb. Belə ki,  cari hesabatda Xələc kəndinin qaz xətlərinin əsaslı təmiri işlərinin  başa  çatdığı, Lək kəndinin isə qaz xətlərinin 30%-ə yaxın hissəsinin əsaslı təmir edildiyi, qalan hissədə isə əsaslı təmir işlərinin mərhələləi şəkildə davam etdiriləcəyi bildirilir. Eyni zamanda müvafiq olaraq, Xələc məscidinin qazlaşdırılması işlərinin başa çatdığı, Lək kəndində yerləşən 2 məscidin isə qazlaşdırılması məqsədi ilə sənədlərin hazırlandığı və aidiyyəti üzrə müraciət edilməsinin nəzərdə tutulduğu göstərilir. Digər bir problemli sahə su və kanalizasiya, suvarma sistemləri ilə bağlıdır. Belə ki,  Zərdab rayonunun Şahhüseynli, Çallı, Məlikumudlu, Gəndəbil, Əlvənd, Otmanoba bələdiyyələrinə məxsus olan əkin sahələrində suvarma işlərinin vacib olması haqqındakı təklifimizin də bir qismi nəzərə alınmışdır. Rayonun Əlvənd və Otmanoba kəndlərinin 720 hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması üçün ümumi uzunluğu 3,6 km olan beton kanal, şüşə lifli kanalla əvəz edilmiş və təmir-bərpa işləri aparılmışdır.

Cari hesabatda göstərilir ki, Zərdabın su problemiylə qarşılaşan digər ərazilərində də vəziyyətin yaxşılaşdırılması məqsədilə ÇTZ və Qızlıq adlanan suvarma kanallarının yenidən qurulması üçün 2021-ci ildə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirilməsi nəzərdə tutulmuşdur. Bunun üçün təşəkkürümü bildirirəm. Eyni zamanda, suvarma ilə bağlı daha bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Belə ki,  rayonun Dəkkəoba kəndinin əkinə yararlı sahələrinin suvarılması üçün hələ 2019-cu ilin sonlarında layihə sənədləri hazırlanaraq İqtisadiyyat Naziriyinə göndərilmişdir. Lakin bu günə kimi heç bir nəticə əldə edilməmişdir. Bu məsələnin də diqqətə alınmasını xahiş edirik. Ucar rayonunun Bərgüşad, Lək və Xələc kəndlərinin suvarma sistemlərinin yenidən qurulması və içməli su təminatı ilə bağlı müraciətimiz ötən ilin hesabatında nəzərə alınmış və Şirvan kanalının yenidən qurulmasının layihə-smeta sənədlərinin hazırlanması işlərinin tamamlanmaqda olduğu, eləcə də bu kanalın yenidən qurulmasının nəzərdə tutulduğu qeyd edilmişdi. Hazırki Hesabatda isə Azərsu ASC-nin mütəxəssisləri tərəfindən araşdırma işlərinin aparıldığı, müvafiq layihə təkliflərinin hazırlandığı bildirilir. Göründüyü kimi, hələlik həmin kəndlərin su təminatının yaxşılaşdırılması işi yubanır.

Digər çox vacib məsələ Zərdab rayonunun kanalizasiya sistemi ilə bağlıdır. Biz uzun illərdir bu məsələni qaldırırıq. Vətəndaşlardan bu məsələylə bağlı çox sayda müraciətlər daxil olur. Cari hesabatda bildirilir ki, Zərdab rayon mərkəzində tikintisi yarımçıq qalmış kanalizasiya sisteminin yenidən qurulması işlərinin davam etdirilməsi üçün aidiyəti üzrə müraciət edilmişdir. Düşünürük ki, bu məsələnin həllinin vaxtı çoxdan çatıb və keçib belə. Biz bu məsələnin diqqətdə saxlanılmasını və problemin ən yaxın zamanda həlli üçün mümkün olan köməyin göstərilməsini Nazirlər Kabinetindən xahiş edirik.Daha sonra, Hesabatda Zərdab rayonunun Dəliquşçu kənd tam orta məktəbi üçün yeni binanın tikintisinin 2019-2023-cü illər sosial-iqtisadi inkişaf Dövlət Proqramında nəzərdə tutulduğu qeyd edilib və biz buna görə təşəkkürümüzü bildiririk. Hesabatda eyni zamanda,  Məlikli kənd tam orta məktəbinin əsaslı təmiri, Məlikli kənd sahə xəstəxanası üçün yeni binanın tikintisi, eləcə də Pərvanlı kəndində yeni uşaq bağçasının inşası məqsədi ilə aidiyyəti üzrə müraciət edildiyi göstərilir. Halbuki, hələ ötən hesabat ili olan 2019-cu ilin hesabatında  Məlikli kənd sahə xəstəxanasının tikintisinin məqsədəuyğun hesab edildiyi və bu məsələyə mövcud qanunvericiliyə uyğun olaraq Dövlət İnvestisiya Proqramında nəzərə alınmaqla növbəti illərin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsünün tərtibi zamanı baxılacağı bildirilmişdi.

Bu məsələnin də diqqətdə saxlanmasını xahiş edirik.Zərdab rayonunun qəzalı  vəziyyətdə olan Məlikli, Şəftəxal, Bəyimli, Əlibəyli tam orta məktəbləri üçün yeni binanın tikintisi, şəhər 2 saylı, Gəlmə, Gəndəbil, Şahhüseynli, Bıçaqçı, Gödəkqobu, Məmmədqasımlı kənd tam orta məktəblərinin əsaslı təmirinə  ehtiyac var.Zərdab rayon Mədəniyyət Evinin əsaslı təmiri, qəzalı vəziyyətdə olan Tarix-Diyarşünaslıq muzeyi üçün yeni binanın tikintisi, rayon mərkəzi stadionunun əsaslı təmiri də xeyli müddətdir yol gözləyir.Ucarın Lək kəndində Mədəniyyət evinin əsaslı təmirini xahiş edirik. Bir məsəlləni də diqqətinizə çatdırmaq istəyirəm. Ucar rayonunun  Bərgüşad kəndində mövcud olan Mədəniyyət Evi Nazirlər Kabinetinin 21 oktyabr 2016-cı il tarixli sərəncamı ilə  dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısına daxil edilməmiş və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bərgüşad kənd Mədəniyyət Evi özəllləşdirməyə açıq elan edilmişdir.

Bu kənd ziyalılıar, mədəniyyət xadimləri yetişdirən bir kənddir və həmin Mədəniyyət Evi bu kənddə bütün dövrlərdə mövcud olmuşdur. Buna görə də, həmin qərarın bir daha nəzərdən keçirilməsini və 7000-dən çox əhalisi olan bir kəndin Mədəniyyət Evinin öz mövcudluğunu qoruması üçün lazım olan tədbirlərin görülməsini xahiş edirik.Və ən nəhayət baş tacımız olan,  Qələbəmizi borclu olduğumuz müqəddəs şəhid ailələri və sağlamlığını qurban edən qazilər və onların ailələri haqqında da fikirlərimi bildirmək istəyirəm. Bu gün onların həyat şəraitinin yaxşılaşdırılması, qayğılarının azaldılması, sosial müdafiələrinin təmin edilməsi  yönündə dövlətimizin, Prezident İlham Əliyevin və xanım Mehriban Əliyevanın təşəbbüsləri və rəhbərlikləri ilə çox əhəmiyyətli layihələr həyata keçirilir.

Mən bu siyasətin davamı olaraq, Zərdab rayonunda Şəhid ailələri və Qarabağ əlilləri üçün daha əvvəlki illərdə tikilməsi nəzərdə tutulan 36 mənzilli binanın tikinti işlərinin yaxın zamanlarda başladılmasını və eyni zamanda ölkə çapında şəhid və qazi ailələri üçün tikiləcək olan fərdi evlər və çoxmənzilli binaların Zərdab və Ucar rayonlarına da şamil edilməsini  xahiş edirəm.Sonda, qarşıdan gələn Novruz bayramı münasibətilə başda ölkə rəhbəri, Xilaskar Prezident, Ali Baş Komandan cənab İlham Əliyev olmaqla, hər birinizi təbrik edir, Qarabağlı Azərbaycanımızda xalqımıza yeni uğurlar, xoşbəxtlik və can sağlığı arzulayıram”.

https://www.facebook.com/DeputyofAzerbaijanOfficial/posts/286539572885730

Keçidlər