Millət vəkili Jalə Əliyeva Körpükənd avtomobil yolunda aparılan təmir-tikinti işləriylə tanış olub
"Zərdab rayonunu Körpükənd kəndinə birləşdirən 4,5 km-lik yolda aparılan təmir-tikinti işləriylə bu gün yaxından tanış olmaq üçün kəndə getdik. Bakıdan gələn və bayram günlərində də rayonda fasiləsiz işləməkdə olan təmir-tikinti briqadasına təşəkkürlərimizi çatdırdıq, bayramlarını təbrik etdik. Eyni zamanda, Körpükənddən 6 nəfəri təmir-tikinti işlərinə cəlb edərək, onlara işyeri təmin etdikləri üçün də briqadanın rəhbərinə minnətdarlığımızı bildirdik. Bunu da qeyd edim ki, həmin küçəyə artıq şəhid Turan Muradovun adı verilib. Kəndin digər şəhidlərinin də adları əbədiləşdirilərək, müvafiq olaraq yaşadıqları küçələrə verilib. Həmin küçələr də əsas yolun təmir işləri bitdikdən sonra abadlaşdırılacaqdır. Körpükənd yolunun təmirinin plana salınması üçün kənd camaatı adından bizə müraciət edən kənd ağsaqqalları Böyükkişi Qasımov, şəhid atası Rəsul dayı, eyni zamanda kənd İcra Nümayəndəsi və Bələdiyyə sədri, kəndin digər bir neçə sakini də orada idilər. Kəndə gəldiyimizi eşidib, minnətdarlıqlarını çatdırmaq üçün gəlmişdilər. Sonra şəhid əmisi Siyavuş Muradov qardaşımızla da telefonla danışdıq. O da, həm kəndə, həm də ailələrinə göstərilən diqqətə görə təşəkkürlərini bildirdi. Biz də öz növbəmizdə müraciətimizə qısa zamanda müsbət reaksiya verərək, Körpükənd yolunun bərpasında köməyini əsirgəməyən respublika səviyyəli bütün əlaqədar dövlət qurumlarına sonsuz təşəkkürümüzü bildiririk. Bu insanların üzündəki sevinci görmək, dillərindəki məmnunluq ifadələrini eşitmək özü böyük xoşbəxtlikdir..."
https://www.facebook.com/DeputyofAzerbaijanOfficial/posts/292300662309621