Milli Məclisin deputatı, Ailə, Qadın, Uşaq məsələləri Komitəsinin sədr müavini Jalə Əliyeva 22 may 2021-ci il tarixində Zərdab rayonunda növbəti dəfə online qəbul keçirib
Milli Məclisin deputatı, Ailə, Qadın, Uşaq məsələləri Komitəsinin sədr müavini Jalə Əliyeva 22 may 2021-ci il tarixində Zərdab rayonunda növbəti dəfə online qəbul keçirib. Qəbula gələnlər pandemiya şəraitində belə hər ay mütəmadi olaraq online və canlı qəbullar keçirərək, onları maraqlandıran və narahat edən məsələləri daim diqqət mərkəzində saxladığına, onların həllində köməyini əsirgəmədiyinə, yaxından yardım göstərdiyinə görə deputata təşəkkür ediblər. Zərdab şəhərindən, rayonun Gəlmə, Salahlı, Əlibəyli, Gödəkqobu kəndlərindən qəbula gələn vətəndaşlar müxtəlif səpkili şəhər və rayon əhəmiyyətli məsələləri gündəmə gətiriblər. Müraciətlər daha çox ünvanlı sosial yardımın verilməsi, işlə təmin, səhiyyədə və əlilliyin təyin edilməsində mövcud olan problemlər, eyni zamanda pay torpaqlarının bölünməsi ilə bağlı olub. Qəbulda Vətən müharibəsi qazisi də iştirak edib. Problemləri diqqətlə dinləyən deputat Jalə Əliyeva qaldırılan məsələləri deputat sorğusuyla araşdıracağını bildirib. Bəzi məsələlər qəbulun gedişatı sırasındaca öz həllini tapıb. Digər məsələlərin həlli üçün isə deputatın ünvanına məktub daxil olduqdan sonra əlaqədar qurumlara müraciət ediləcəyi seçicilərə bildirilib. Qəbul müsbət əhval ruhiyyədə, görülən bütün işlər üçün ölkə Prezidentinə minnətdarlıq ab - havasında keçib.