Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan-Türkiyə Gönül Elçiləri” layihəsi Zərdab rayonunda

29 may 2021 | 16:00

“Azərbaycan-Türkiyə Gönül Elçiləri”  layihəsi 24 may 2021-ci il tarixindən etibarən Avrasya Ekonomik İlişkilər Dərnəyi, T.C. Kültür ve Turizm Bakanlığı Yurtdışı Türkler ve Akraba Toplulukları Başkanlığı, Həsən bəy Zərdabi İrs Mərkəzi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə start götürüb.
Layihənin əsas məqsədi Azərbaycan-Türkiyə arasındakı sosial, ictimai, iqtisadi sahələrdə əməkdaşlıq əlaqələrinin güclənməsinə, səmərəli iş birliklərinin yaradılmasına töhfə verməkdir. Layihə həmçinin iki ölkə arasında vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri, ictimai, siyasi xadimlər, ziyalılar və eyni zamanda kiçik və orta sahibkarlıq fərdlərinin bir-birilə geniş əlaqələrinin təşkil olunmasına da xidmət edir.
Həsən bəy Zərdabi İrs Mərkəzinin həmtəsisçiləri millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri Komitəsinin sədr müavini Jalə Əliyeva, iqtisadçı alim, Həsən bəy Zərdabi irsinin nümayəndəsi Nüsrət Məlikov, gənc ictimai fəal Seymur Bayramov EkoAvrasya - Avrasya Ekonomik İlişkiler Derneği Yönetim Kurulu Başkanı Hikmet Eren və rəhbərlik etdiyi nümayəndə heyəti 28 may 2021-ci il tarixdə Zərdab  rayonuna səfər ediblər.
İlk öncə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, millət vəkili Jalə Əliyeva və rayonumuzun qonaqları Hüseynxanlı kəndində  Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə  yaradılmış mini  parkın açılışında iştirak ediblər.  Tədbiri giriş sözü ilə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev açıb. Millət vəkili Jalə Əliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab bölməsinin rəisi Asif Əhədov, “EkoAvrasya” Avrasiya İqtisadi Əməkdaşlıq Cəmiyyətinin nümayəndəsi Kemal Güney çıxış ediblər. Vətən müharibəsində şəhid olmuş Ağaqardaş Abasovun atası İlham Abbasov çıxış edərək şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Parkda yaradılmış xatirə lövhəsi və su bulağı kənd sakinlərinin  istifadəsinə verilib.
Sonra Zərdab şəhərindəki Heydər Əliyev parkında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri qoyulub, Heydər Əliyev Mərkəzi ziyarət olunub.
Tədbir iştirakçıları yenidən qurulmuş Həsən bəy Zərdabi parkındakı dahi mütəfəkkirin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha sonra Həsən bəy Zərdabinin ev-muzeyi ilə tanış olublar. Qonaqlar daha sonra Zərdab rayonunda Kür çayının sahilində yaradılmış “Sahil parkı” və rayonun digər görməli yerləri ilə tanış olublar.

Keçidlər