“gundelik-baku.com” saytında Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə haqqında yazılan şər və böhtan xarakterli fikirlərə cavab
Bildiririk ki, “gundelik-baku.com” saytının baş redaktoru Vəliyev Habil Allahverdi oğlu Zərdab Rayon İcra Hakimiyyətinin başçısı barəsində 20 aprel 2021-ci il tarixdə “Əvvəli müəllim, sonrası çilingər, daha sonrası icra başçısı olan Mərdan Camalov-Allah göydən baxmır, Camalov hər yerdən görür” adlı şər və böhtan xarakterli məqaləsində icra başçısının şərəf və işgüzar nüfuzunu ləkələmişdir.
H.Vəliyev dəfələrlə icra başçısına zəng edərək ticarət obyekti inşa etmək üçün torpaq sahəsi və pul vəsaiti tələb etmiş, onun bütün tələbləri rədd edildiyi üçün həmin vaxtdan etibarən müxtəlif tarixlərdə icra başçısı haqqında şər və böhtan xarakterli yazılar dərc etməyə başlamışdır.
Bununla bağlı 17 may 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində “Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsinə dair” iddia qaldırılmışdır. Məhkəmənin hazırlıq iclası 07 iyun 2021-ci il tarixdə keçirilmiş, dəvət olunmasına baxmayaraq H.Vəliyev məhkəmə iclasına gəlməmişdir. Həmin iclasda hakimin barışıq təklifinə icra başçısı tərəfindən rədd cavabı verilmiş, məhkəmənin birinci iclası 29 iyun 2021-ci il tarixə təyin edilmişdir. Habil Vəliyev ona qarşı qaldırılan iddiadan qəzəblənərək 10 iyun 2021-ci il tarixdə yenidən rəhbəri olduğu “gundelik-baku.com” saytında “MİLYONÇU icra başçısı Mərdan Camalovun həbsi gözlənilir...- Zərdab rayon icra hakimiyyətində nə baş verir ?” adlı material dərc etmişdir.
Materialda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən Mərdan Camalzadə tərəfindən guya yeraltı qaz borusunun və dəmir yolu xəttinin çıxarılaraq satdırılması, xəstəxanada xəstələrin sayılaraq baş həkimdən ona uyğun vəsait tələb edilməsi, Əlillərin Bərpa Mərkəzindən aylıq pul tələb edilməsi, özünün və ailə üzvlərinin adına çoxsaylı obyektlərin və maşınların olması, hər gün işə dövlət yol polisinin müşayiəti ilə gedib-gəlməsi barədə yazılan fikirlər tam əsassız olmaqla şər və böhtan xarakterlidir və icra başçısının nüfuzuna xələl gətirmək məqsədi daşıyır.
Məqalədə Zərdab rayonunda icra nümayəndəsi və bələdiyyə sədrinin həbs olunması və baş memarın saxlanılması ilə əlaqədar yazılan fikirlərlə bağlı bildiririk ki, Rayon İcra Hakimiyyəti başçısının Yarməmmədbağı kənd İƏD üzrə nümayəndəsi Xəlilov Rahib Yediyar oğlu icra hakimiyyəti başçısının 02.07.2020-ci il tarixli, 108 nömrəli əmri ilə ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Xəlilov Rahib Yediyar oğlu və Yarməmmədbağı bələdiyyəsinin sədri Xəlilov Sahib Osman oğlu barəsində bələdiyyəyə məxsus 74 hektar torpaq sahəsini tərtib etdikləri 2007-ci il tarixli saxta icarə müqaviləsi əsasında 25 il müddətinə (2007-ci il tarixdən 2032-ci il tarixədək) icarəyə verilməsi müqabilində vətəndaşdan 10 min manat pul vəsaitini rüşvət qismində istəmələri barədə müraciət əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmış və onlar 28 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışlar. Baş memar Əhmədov Sahid Abuseyid oğlu isə saxlanılmış, ifadə verdikdən sonra sərbəst buraxılmışdır. Onların bu əməllərinin rayon icra hakimiyyətinin başçısı ilə heç bir əlaqəsi yoxdur.
Əlavə məlumat üçün bildiririk ki, “gundelik-baku.com” saytının baş redaktoru H.Vəliyev 2016-cı ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı tutulmuş, Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. 21 iyun 2020-ci il tarixdə Nərimanov Rayon Məhkəməsi onun cəzasının çəkilməmiş hissəsinin şərti cəza ilə əvəz edilməsi barədə qərar çıxarmış və o azadlığa buraxılmışdır.
Məqalədə yazılan bütün fikirlər tam qərəzli olmaqla, icra hakimiyyətinin başçısının fəaliyyətinə və dövlət başçısı yanında nüfuzuna kölgə salmaq məqsədi daşıyır. Əminik ki, Nəsimi Rayon Məhkəməsində icra başçısının tam haqlı olduğu sübuta yetiriləcəkdir.
Zərdab Rayon İcra Hakimiyyətinin mətbuat xidməti