ZƏRDABDA DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI QEYD OLUNUB
23 iyun 2021-ci il tarixdə Zərdab rayonunda Dövlət Qulluqçularının peşə bayramı günü qeyd edilmişdir. Dövlət qulluqçuları ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə çıxış edərək tədbir iştirakçılarını peşə bayramı münasibətilə təbrik etmişdir. Qeyd etmişdir ki, dövlət qulluqçularının peşə bayramlarının təsis edilməsi mühüm hadisə olmaqla, bu sahədə çalışan insanların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı müstəsna roluna verilən yüksək qiymətdir. Azərbaycanın dövlətçilik tarixində böyük rolu olan Ümummilli liderimiz Heydər Əliyev kadr seçimində təkcə ideya-siyasi, intellektual meyarlara deyil, eyni zamanda milli-mənəvi dəyərlərə əsaslanmışdır. Hazırda ölkə Prezidenti cənab İlham Əliyev də kadrların məsuliyyətinə, onların dövlət və ictimaiyyət qarşısında daşıdığı hüquqi, mənəvi öhdəliklər məsələsinə ciddi önəm verir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Kamil Məmmədov rayonun ictimai həyatında fəal iştirak etdiyinə görə Fəxri Fərmanla təltif olunmuşdur. Çıxış edən dövlət qulluqçuları onların əməyinə verilən qiymətə görə dövlətimizin başçısına minnətdarlıq etmişlər.