Zərdab Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib
29 iyun 2021-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətində xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.
Öncə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə və Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmraslanov Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Daha sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, eyni zamanda, ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclası giriş sözü ilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə açaraq qeyd edib ki, rayonda daim ağsaqqallarla görüşlər keçirilir, onların istək və təklifləri dinlənilir, rayonun inkişafında, mədəni-ictimai həyatında, gənc nəslin formalaşmasında ağsaqqallar hər zaman xüsusi rol oynayırlar. Bildirilib ki, ulu öndərimiz Heydər Əliyev ağsaqqallara həmişə böyük qayğı və diqqət göstərmiş, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmışdır. Bu qayğı və diqqət hal-hazırda da möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların rolu əvəzsizdir. Daha sonra icra başçısı vurğulayıb ki, Ağsaqqallar Şurasının bugünkü toplantısı şanlı Zəfər tariximizin sevincini yaşadığımız günlərə təsadüf edir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etdi. Bu şanlı Qələbədə rayonumuzun vətənpərvər gənclərinin də böyük payı oldu. Qəhrəman övladlarımız şəhid oldu, yaralı qazilərimiz doğma el-obaya qalib döyüşçülər kimi vüqarla qayıtdılar. Bu Qələbədə ağsaqqallarımızın mənəvi dəstəyi, öyüd-nəsihətləri də böyük rol oynadı.
Azərbaycan Ağsaqqallar Şurasının sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmraslanov çıxış edərək ilk öncə Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyevin Zərdab ictimaiyyətinə və iclas iştirakçılarına salamlarını çatdırıb. Bildirilib ki, xalqımız, həmçinin ağsaqqallarımız 44 günlük Vətən müharibəsi dövründə cənab Prezident İlham Əliyevin ətrafında yumruq kimi sıx birləşərək bütün dünyaya Azərbaycanın qüdrətini göstərdi. Əhliman Əmraslanov vurğulayıb ki, bu uğur, bu nailiyyət, bu tarixi hadisə Müzəffər Ali Baş Komandan İlham Əliyevin, onun rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun, qəhrəman əsgərlərimizin adı ilə bağlıdır.
Qeyd olunub ki, davam edən koronavirus pandemiyasına və bundan irəli gələn müəyyən çətinliklərə baxmayaraq, dövlətimizin başçısının rəhbərliyi ilə bu gün Azərbaycan yeni tərəqqi mərhələsinə qədəm qoyub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük töhfə verdiyi, ölkəmizdə davam edən bu inkişaf prosesi Azərbaycan Ağsaqqallar Şurasında da özünü göstərməkdədir. Belə ki, ölkəmizdə ağsaqqalların fəaliyyəti genişlənir və nüfuzu gündən-günə artır.
Əhliman Əmraslanov çıxışına davam edərək ötən illər ərzində görülən işlərdən, ağsaqqallar qarşısında duran vəzifələrdən ətraflı söhbət açıb. O, Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə məlumat verib, tövsiyələrini çatdırıb, yeni seçiləcək heyətə uğurlar arzulayıb.
İclasda Zərdab ağsaqqallardan Xalid İxtiyarov və Rasim Hüseynov çıxış ediblər.
Sonra təşkilati məsələlərə baxılıb. Uzun müddət rayonun ictimai-siyasi həyatında böyük əməyi və rolu olan Hüseynov Rasim Rəsul oğlu Zərdab Rayon Ağsaqqallar şurasının sədri seçilib. Konfransda şuranın əsasnaməsi qəbul olunub, yeni İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.