Şriftin ölçüsü :

Saytın rəngi :

“Həm Zərdab, həm Ucar rayonlarına bu isti günlərdə və aylarda əhalini su ilə təmin etmək üçün əlavə su maşınları göndərilsin”

11 iyul 2021 | 16:00

Prezident, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən gün imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman çox tarixi və olduqca əhəmiyyətli bir sənəddir. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirirdi.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyevanın parlamentin növbədənkənar sessiyasının bağlanış iclasında Katibliyə təqdim etdiyi yazılı çıxışında özünə yer alıb.
Çıxışı olduğu kimi, təqdim edirik:
“Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə–Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edirdi və ölkə Prezidenti İlham Əliyev məhz bütün bu məqamları nəzərə alaraq Azərbaycanda yeni təsnifatlandırılmış iqtisadi rayonların yaradılması ilə bağlı Fərman imzaladı.Bu Fərmanadək ölkəmizdə 10 iqtisadi rayon var idisə, indi onların sayı 14-dür. Ən əsası, Fərmanda da vurğulandığı kimi, Şərqi Zəngəzur və artıq heç bir bölgü aparılmadan, Aşağı, Yuxarı, Dağlıq, Aran deyilmədən vahid, bütöv Qarabağ iqtisadi rayonlarının yaradılması təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyətinə görə çox vacib və çox önəmli məqamardandır.
Çünki adıçəkilən iqtisadi rayonlarla Müzəffər Ali Baş Komandan tarixi Qələbə və Zəfərimizdən sonra onun möhkəmləndirilməsi, əbədi edilməsi istiqamətində daha bir cəsarətli mövqe, qətiyyət nümunəsi, dəmir iradə ortaya qoymuş oldu. Və əlbəttə ki, biz bu uğurların qürurunu yaşayırıq.Bu gün Milli Məclisin növbədənkənar son iclasında mən deputatı olduğum rayonlar – Zərdab və Ucar rayonları ilə bağlı bir-neçə vacib məsələni də bir daha nəzərinizə çatdırmaq istəyirəm.Əvvəla, birinci növbədə Azərqaz İstehsalat Birliyinin rəhbəri, hörmətli Ruslan Əliyevə Zərdab rayonunun Gəndəbil, Ağabağı, Sileyli və Çilovxanlı kəndlərinin qazlaşdırılması ilə bağlı müraciətimizi qısa zamanda müsbət cavablandırdığı və Gəndəbil, Ağabağı kəndlərində artıq qaz çəkilişi üçün ilkin hazırlıqları başlatdıqları üçün həmin kəndlərin sakinləri adından və öz adımdan dərin minnətdarlığımı bildirirəm.Ucar rayonunun Bərgüşad kəndində tamamilə yararsız vəziyyətdə olan elektrik xəttinin ötən il başladılan və sonra yarımçıq qalan təmiri və yenidənqurma işlərini, müraciətimizdən sonra sürətlə davam etdirdikləri üçün Azərenerjiyə təşəkkür edirəm.

Eyni zamanda, hər iki rayonda əkin sahələrinin, həyətyanı ərazilərin suvarılması və içməli su ilə bağlı problemi də vurğulamaq istəyirəm. Bu isti yay günlərində əhalinin suya tələbatı daxili imkanlarla, rayon İcra Hakimiyətinin səyləri və gördüyü əlavə tədbirlərlə müvəqqəti aradan qaldırılır. Lakin bu çözüm yolu deyil! Görülən bu tədbirlər əhalinin su ehtiyacını tam ödəməyə imkan vermir. Bu məsələ artıq uzun müddətdir ku, gündəmdədir. Və köklü həllinə böyük ehtiyac var. Bu məsələ ilə bağlı olaraq bir daha Meliorasiya və Su Təsərrüfatə ASC-nə, Azərsuya müraciət edirəm. Layihələrin hazırlanmasını gözləmədən, rayonların, xüsusilə Aran rayonları olan, susuzluqdan çox əziyyət çəkən Zərdab və Ucar rayonlarının əhalisini su ilə təmin etmək üçün təcili tədbirlər görsünlər! Zərdab rayonunda üstəlik kanalizasiya da yoxdur.
Biz bu məsələni də uzun illərdir ki, ildə ən azından 2-3 dəfə Milli Məclisin iclaslarında gündəmə gətiririk. Əlaqədar qurumlara dəfələrlə həm yazılı, həm də şifahi müraciətlərimizi etmişik. Hələlik təəssüf ki, heç bir dönüş, irəliyiş yoxdur. Məsələnin az da olsa, mövsümlük də olsa həllini tapması üçün Zərdab rayonuna təcili olaraq əlavə kommunal texnika, çirkab sularını çəkən maşınlar göndərilməsi çox vacibdir. Eyni zamanda, həm Zərdab, həm də Ucar rayonlarına bu isti günlərdə və aylarda əhalini su ilə təmin etmək üçün əlavə su maşınları göndərilməsini önəmlə xahiş edirik”.

Keçidlər