27 sentyabr – “Anım günü” ilə əlaqədar Zərdabda silsilə tədbirlər keçirilir
Zərdab Rayon İcra Hakimiyyətinin 27 sentyabr - “Anım günü” ilə əlaqədar tədbirlər planına uyğun olaraq 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda böyük rəşadət nümunəsi göstərən Zərdab rayonundan olan şəhidlər - Hüseynov Rəhim Qədir oğlunun və Vəlizadə Faiq Bayraməli oğlunun ailələri Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab bölməsinin məsul işçiləri və ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunmuş, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Alıcanlı kəndində Faiq Vəlizadənin məzarı və Gəlmə kəndində yeni tikilmiş şəhidlərin xatirə abidəsi ziyarət edilmiş, önünə gül dəstələri düzülmüşdür. Qəhrəman övladlar yetişdirdiklərinə görə şəhidlərin valideynlərinə minnətdarlıq edilmişdir. Onların əziz xatirəsinin dövlətimiz və cəmiyyətimiz tərəfindən daim əziz tutulacağı diqqətə çatdırılmışdır.
Şəhid ailələri onlara göstərilən dəstəyə, maddi və mənəvi köməyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər.
Ailələrə ərzaq sovqatları təqdim edilmişdir. Bu istiqamətdə tədbirlər davam etdirilir.