Zərdabda şəhidlərin dəfn olunduğu məzarlıqda təmir və yenidənqurma işləri aparılmışdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasının ərazisində “Anım günü” kimi qeyd edilməsi barədə qərar qəbul edilmişdir. Bu sərəncam 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilmiş torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq qəbul edilmişdir.
Zərdab rayonunun Gəlmə kəndi ərazisində şəhidlərin dəfn olunduğu məzarlıq uzun illərdir ki, baxımsız və bərbad vəziyyətdə idi və 20 ildən çoxdur ki, həmin ərazidə heç bir təmir işləri aparılmamışdır.
Həmin ərazidə 1 ay öncə yenidənqurma və təmir işlərinə başlanılmış, 27 sentyabr “Anım günü” ilə əlaqədar 26 sentyabr 2021-ci il tarixdə şəhidlərin müqəddəs ruhuna hörmət əlaməti olaraq yüksək səviyyədə başa çatdırılmışdır. Eyni zamanda Zərdab rayonu ərazisində, Şəhidlərin Xatirə Parkında 125 zərdablı şəhidin fotoşəkli həkk olunmuş xatirə abidəsi də bu gün istifadəyə verilir. Şəhidlərin Xatirə Parkında əsaslı təmir işlərinin ilin sonunadək başa çatdırılması təmin ediləcəkdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!