Zərdabda 27 sentyabr “Anım günü” ilə əlaqədar tədbirlər keçirilir
27 sentyabr “Anım günü” ilə əlaqədar Zərdab rayonunda keçirilən silsilə tədbirlər bu gün də davam etdirilir.
Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları, millət vəkili Jalə Əliyeva, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri tərəfindən Zərdab şəhərindəki Şəhidlərin xatirə parkında tikilib istifadəyə verilmiş abidə ziyarət olunmuş, önünə gül-çiçək dəstələri qoyulmuşdur. Sonra abidə önündə anım mərasimi keçirilmişdir. Anım mərasimində çıxış edən Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə 44 günlük Vətən müharibəsi haqqında məlumat vermiş, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun müharibədə möhtəşəm qələbə qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdığını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Vətən müharibəsində böyük, tarixi qələbənin qazanılmasına Zərdab rayonu da öz töhfəsini vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazisində qismən səfərbərlik elan etməsi barədə sərəncamına uyğun olaraq rayonumuzun 452 nəfər sakini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsində qeydiyyatdan keçərək Vətən müharibəsinə yola düşmüşlər. Bütün istiqamətlərdə gedən döyüşlərdə gənclərimiz böyük qəhrəmanlıq və şücaət nümayiş etdirmişlər. Bu müharibədə rayonumuz 8 şəhid vermiş, yüzlərlə yaralananlarımız olmuşdur. Respublika Prezidentinin sərəncamı ilə Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərmiş yüzlərlə zərdablı Azərbaycan Respublikasının müxtəlif orden və medalları ilə təltif edilmişlər. Şəhidlərimizin adı əbədiləşdirilərək küçələrə adları verilmiş, xatirələrinə abidələr ucaldılmış, bulaqlar tikilmiş və bu istiqamətdə işlər bu gün də davam etdirilir. Gəlmə kəndində şəhidlərin dəfn olunduğu məzarlıq yenidən qurulmuş, Şəhidlərin xatirə parkında 125 şəhidimizin fotoşəkilləri həkk olunmuş xatirə abidəsi quraşdırılmışdır.
Anım mərasimində millət vəkili Jalə Əliyeva çıxış etmişdir.
Anım mərasimində şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları çıxış edərək şəhidlərin xatirəsinə göstərilən bu böyük diqqət və qayğıya görə cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Sonra Gəlmə kənd qəbiristanlığında dəfn edilmiş şəhidlərin məzarları ziyarət olunmuşdur.
Saat 12:00-da rayon ərazisində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon ərazisində şəhidlərin xatirəsinə ağacəkmə kampaniyası təşkil edilmiş, 500-dən çox müxtəlif növ ağaclar əkilmişdir.
Daha sonra Zərdab rayonundan olan şəhidlərin məzarları ziyarət olunmuş, ailələri ilə görüşlər keçirilmişdir.