Zərdablı şəhid Ağaqardaş Abbasovun vəfatının birinci ildönümüdür
Bununla əlaqədar Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkili Jalə Əliyeva, millət vəkili Razi Nurullayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab bölməsinin rəisi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin ailə üzvləri ilə birlikdə onun məzarını ziyarət edib, ruhuna dualar oxunub.
İcra başçısı Mərdan Camalzadə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə silahlı qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini və qəhrəmanlarımızın qanının yerdə qalmadığını bildirib. Qeyd olunub ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər ordumuzun peşəkarlığı sayəsində, şəhidlərimizin qanı, qazilərimizin canı hesabına 30 illik həsrətə son qoyulmuşdur.
Tədbirdə iştirak edən millət vəkili Jalə Əliyeva Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və qələbə ilə nəticələnən vətən müharibəsində qanları ilə tarix yazan Azərbaycan əsgərinin şücaətindən söz açıb. Bildirib ki, qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Şəhidin ailəsi onlara göstərilən dəstəyə, maddi və mənəvi köməkliklərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər.