Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA MÜƏLLİMLƏR GÜNÜ QEYD EDİLDİ

06 oktyabr 2013 | 15:00


5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Zərdab rayonunda tədbir keçirilib. Təhsil işçiləri əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Bayram toplantısında Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev pedaqoji kollektivləri bu əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, milli təhsilin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, son 10 ildə Zərdabda 3136 şagird yerlik 16 müasir məktəb binası tikilib. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində isə hər biri 280 şagird yerlik olmaqla 2 tədris binası inşa olunub. Digər təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib. Tədris müəssisələri informasiya texnologiyaları, elektron dərslik və digər zəruri avadanlıqlarla təmin olunub. Nəticədə tədrisin keyfiyyəti yüksəlib. Əgər 2007-ci ildə cəmi 47 nəfər zərdablı məzun ali məktəbə daxil olmuşdusa, bu il tələbə adını qazanan abituriyentlərin sayı 135-ə çatıb. Onlardan 6 nəfəri 600-dən çox bal toplayıb. Müsbət haldır ki, məktəblilər idman sahəsində də uğurlu nəticələr əldə edirlər. Son 10 ildə rayonun idmançıları dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə 15 qızıl, 5 gümüş, 6 bürünc, respublika daxili yarışlarda isə 13 qızıl, 5 gümüş, 4 bürünc medal qazanıblar.
Bayram tədbirində millət vəkili Jalə Əliyeva davamlı olaraq həyata keçirilən təhsil islahatlarının səmərəli nəticələrinə, istedadlı gənclərin xarici ölkələrdə təhsil almalarına yaradılan şəraitdən faktlarla söz açıb.
Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev Gəlmə kənd tam orta məktəbinin müəllimi Minəgül Əliyevanın “Əməkdar müəllim” fəxri adına layiq görülməsini rayonun təhsil işçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib.
Bir qrup fəal müəllimə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.
Yerli mədəniyyət işçilərinin, məktəb kollektivlərinin təqdim etdikləri ədəbi-bədii kompozisiya, mahnı və rəqs nömrələri bayram tədbirini daha da yaddaqalan edib.

Keçidlər