Zərdabda Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
Tədbirlər Planına uyğun olaraq Vətən müharibəsinin ildönümü ilə əlaqədar Zərdab rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlər keçirilir. 27.10.2021-ci il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin 2021-ci il Tədbirlər Planına əsasən və 2021-ci ilin 27 sentyabr – 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə bağlı Vətən müharibəsi iştirakçıları və qazilərlə “Bizə Qələbə çox yaraşır” mövzusunda görüş keçirilib. İlk öncə tədbir iştirakçıları Zərdab rayon Heydər Əliyev Mərkəzində hazırlanıb nümayiş olunan “Vətən naminə şəhidlik zirvəsinə ucalanlar” başlıqlı sərgi və Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə dolğun, ardıcıl və əhatəli əks etdirən ekspozisiya ilə tanış olublar. Daha sonra tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, bütün qazilərə şəfa diləyiblər. Tədbiri açıq elan edən Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova qeyd etdi ki, düşmənin 27 sentyabrdan başlayaraq törətdikləri növbəti təxribatlarının qarşısının alınması zamanı gedən döyüşlərdə müdrik və qətiyyətli Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, hərbçilərimiz isə peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə sübut edərək zəfərlərimizi və 44 günlük haqq savaşındakı tarixi qələbəmizi təmin etmişdir. Millətinə xidməti həyat amalına çevirmiş cənab İlham Əliyevin xalq qarşısında verdiyi vədləri yerinə yetirdi. Vətən müharibəsindəki misilsiz qələbəmiz ölkə başçısının yürütdüyü siyasətin alternativsiz olduğunun növbəti təzahürüdür. Müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin prioritet istiqamətlərindən olmuş, bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Qürurverici və sevindiricidir ki, ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə hər zaman dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilmiş, onlar müxtəlif növ dövlət təminatı ilə təmin edilmişlər. Bu diqqət və qayğının təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Son illərdə ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin daha da gücləndirilməsi, o cümlədən bu qəbildən olan insanların sağlamlıq, reabilitasiya və yaşayış şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilmiş və bu istiqamətdə işlər uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mütəmadi olaraq şəhid ailələri və müharibə əlilləri ilə görüşmələri, onların qayğı və problemləri ilə maraqlanmaları, onlara hərtərəfli dəstək göstərmələri, mənzil və avtomobillər təqdim etmələri bu qəbildən olan insanlara dövlət səviyyəsində verilən yüksək dəyərin və göstərilən böyük qayğının təzahürüdür. Sonda Vətən müharibəsində iştirak edən şəxslərə Zərdab rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyi tərəfindən hədiyyələr təqdim edildi, Vətən müharibəsi iştirakçıları isə onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər.