Zərdablı şəhid İlkin Ağayevin vəfatının birinci ildönümüdür
Bununla əlaqədar Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə, millət vəkili Jalə Əliyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin ailə üzvləri ilə birlikdə şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxunub. İcra başçısı Mərdan Camalzadə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə əks hücum əməliyyatına başlayan silahlı qüvvələrimizin 44 günlük vətən müharibəsində şanlı qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini və qəhrəmanlarımızın qanının yerdə qalmadığını bildirib.
Tədbirdə iştirak edən millət vəkili Jalə Əliyeva Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və qələbə ilə nəticələnən vətən müharibəsində qanları ilə tarix yazan Azərbaycan əsgərinin şücaətindən söz açıb. Bildirib ki, qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunub, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, maddi və mənəvi köməkliklərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.