Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin Novruz bayramı münasibətilə Zərdab əhalisinə təbriki
Əziz zərdablılar,
Mən Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, hamınıza can sağlığı, xoşbəxtlik, gələcək işlərinizdə uğurlar arzulayıram.
Novruz bayramının gəlişini xalqımız ardıcıl olaraq iki ildir ki, daha böyük coşqu və yüksək əhval-ruhiyyə ilə qarşılayır. Xoşbəxt xalqıq ki, Novruzun gəlişini işğal altında olan bütün torpaqları erməni işğalçılarından azad edilmiş, ərazi bütövlüyü təmin olunmuş, Ermənistan ordusunu darmadağın edərək Vətən müharibəsində qalib gəlmiş bir ölkənin sakinləri kimi qeyd edirik.
Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaratmaqla, yurdumuzun çoxəsrlik mədəni sərvətlər xəzinəsində şərəfli yer tutmuşdur. Novruz xalqın milli təfəkkür tərzini, onun həyat və məişətini, adət və ənənələrini özündə yaşadan əsl el mərasimidir.
Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən biri də Novruzun yenidən xalqımıza qaytarılması olmuşdur. Milli bayramımız olan Novruz Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə böyük təntənə ilə qeyd edilməklə xalqımızın həyatına birdəfəlik daxil olmuş, təqvimimizə Azərbaycan Respublikasının rəsmi bayramlarından biri kimi düşmüşdür.
Respublika Prezidenti cənab İlham Əliyev milli özünüdərkin təşəkkülündə müstəsna mövqeyə malik Novruz ənənəsini çoxəsrlik tarixi keçmişinə daim ehtiramla yanaşan xalqımızın dünya mədəniyyətinə misilsiz töhfəsi adlandırmışdır. Novruzun gəlişi ilə bağlı dövlət başçısının hər il Azərbaycan xalqına ünvanladığı təbriklər, bayram şənliklərində şəxsən iştirak etməsi onun milli-mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşdığını göstərir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə muğam və aşıq sənəti ilə yanaşı Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi martın 21-ni “Beynəlxalq Novruz günü” elan etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən rayonumuzun hərtərəfli inkişafına göstərilən böyük diqqət və qayğı sayəsində sürətlə inkişaf edən Zərdabımızda Novruz bayramı mədəni irsimizə qayğıkeş münasibətin və milli-mənəvi dəyərlərimizə bağlılığın nümunəsinə çevrilmişdir. Həyata keçirilən böyük tikinti, quruculuq-abadlıq işləri, istifadəyə verilən yeni obyektlər, əhalinin sosial problemlərinin həlli istiqamətində atılan inamlı addımlar, insanlarımızın qurub-yaratmaq əzmi, 2021-ci ildə rayon iqtisadiyyatının bütün sahələrində əldə edilən uğurlar, xüsusən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən böyük infrastruktur layihələri, xarici ölkə investorlarının bu ərazilərə böyük investisiyalar yatırmaları rayon sakinlərində yüksək əhval-ruhiyyə yaratmaqla onları daha yaxşı işləməyə ruhlandırmışdır.
İnanıram ki, ölkə Prezidenti tərəfindən “Şuşa ili” elan edilmiş 2022-ci il də rayonumuz üçün uğurlu olacaqdır.
Bu bayram günlərində ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə canlarını fəda etmiş qəhrəman övladlarımıza rəhmət diləyir, onların əziz xatirəsini ehtiramla yad edirik.
Qoy, builki Novruz hər evə, hər ocağa sevinc, bol ruzi-bərəkət, firavanlıq, xalqımıza sülh və əmin-amanlıq bəxş etsin.
Bir daha Sizi bu gözəl bayram münasibətilə təbrik edirəm, hər birinizə can sağlığı, uzun ömür, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.
Novruz bayramınız mübarək olsun!
Mərdan Camalzadə
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı