Zərdab rayonunda iftar süfrəsi təşkil olunub
Mübarək Ramazan ayı ilə əlaqədar olaraq Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Kür” şadlıq evində iftar süfrəsi təşkil olunub.
İftar süfrəsində din xadimləri, şəhid ailələri, qazilər, aztəminatlı ailələr, ictimaiyyət nümayəndələri, Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə və rayonun digər rəhbər şəxsləri iştirak ediblər.
“Qurani-Kərim”dən ayələr oxunub, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının əziz xatirələri 1 dəqiqəlik sükutla anılıb, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilib. İftar süfrəsində iştirak edən din xadimləri ruzi-bərəkət, həmrəylik, dostluq-qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazan ayının fəzilətlərindən, bu ayın insanlar arasında mənəvi saflıq, paklıq ayı olmasından danışıb, həmçinin cəmiyyətimizdə həmrəyliyin və dini-mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən mübarək Ramazan günlərində iftar süfrəsinin təşkil edilməsinin cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlət-din arasında sıx birliyin bariz nümunəsi olduğunu qeyd ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə ölkəmizdə görülən işlərdən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, bütün dünyaya nümunə olacaq tolerantlıq mühitindən, Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan, eləcə də aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, imzalanan Fərman və Sərəncamlardan söz açıb.
Sonda tədbirdə iştirak edənlər onlara göstərilən diqqət və qayğıya görə Prezidentimiz cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.