Zərdabda milli mətbuat günü qeyd edildi
22 İyul Milli Mətbuat Günü münasibətilə Zərdab Rayon İcra Hakimiyyətində icra başçısının “Əkinçi” qəzeti işçiləri ilə görüşü keçirilmişdir. Görüş zamanı icra başçısı qəzet işçilərini bayram münasibətilə təbrik etmişdir. İcra başçısı Lütvəli Babayev ölkə Prezidentinin “H.B.Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” 04 iyun 2012-ci il tarixli və “H.B.Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında” 19 iyul 2012-ci il tarixli sərəncamlarının zərdablılar tərəfindən yüksək razılıq və dövlətimizin başçısına dərin minnətdarlıq hissi ilə qarşılandığını diqqətə çatdırmışdır. İcra başçısı H.B.Zərdabinin 170 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamın icrasına Prezident Administrasiyasının şöbə müdiri cənab Əli Həsənovun rəhbərliyi altında respublikanın çoxsaylı mətbuat və kütləvi informasiya vasitələri liderlərinin iştirakı ilə 14 iyul 2012-ci il tarixdə ilk dəfə Zərdab rayonunda keçirilən ümumrespublika tədbiri ilə start verilməsini də H.B.Zərdabinin həmvətənlərinə olan hörmət və ehtiramın bariz nümunəsi kimi dəyərləndirmişdir.
Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. İcra Başçısının digər sərəncamı ilə redaksiya işçiləri Başçı Fondundan mükafatlandırılmışlar. Qəzetin redaktoru İsaməddin Əhmədov onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.